VAQİF BƏHMƏNLİ - ÖZÜ VƏ SÖZÜ BARƏDƏ
Müasir Azərbaycan ədəbiyyatının seçkin nümayəndəsi Vaqif Bəhmənlinin yarım əsrlik dövrdə öz daxili dinamikası ilə inkişaf edən yaradıcılığı mövzu, problematika və janr əhatəsinə görə yetərincə geniş və dolğundur. Bu yaradıcılıq azhecalı, yığcam poetik mətnlərdən - ikilik, dördlük, bayatı və rübailərdən tutmuş, epik əsərlərə, ədəbi-publisistik araşdırmalara qədər zəngin bədii dünyanın mərhələ-mərhələ yaradılması ilə ərsəyə gəlmişdir.
Bədii yaradıcılığa çox erkən başlayan Vaqifin ilk qələm təcrübələri kövrək ehtiyatlılığı ilə yanaşı, həm də qüsursuzluğa canatımı ilə diqqəti cəlb edir. Eyni zamanda bu axtarışların sırf poetika baxımından ciddi sənətkarlıq keyfiyyətlərinə tədriclə yiyələnmək bacarığı da üzə çıxır. Ancaq elə ilk addımlardan görünür ki, o, bədii yaradıcılığının tarixi-estetik təməlində Azərbaycan mədəniyyəti və ədəbiyyatının, xüsusilə onların qaynağını təşkil edən folklorun böyük və tükənməz arsenalını hiss edir. Dərk edir ki, bu arsenal şairi epiqonçu da, yaradıcı da edə bilər.
Vaqif Bəhmənlinin milli ədəbi irsimizə yaradıcı münasibəti onun bədii dünyagörüşünün, davamlı poetik axtarışlarının ən üstün keyfiyyətlərindəndir. Belə bir münasibət onun dünya ədəbiyyatı ənənələrini mənimsəməsində, klassikadan faydalanmasında da özünü göstərir. Beləliklə, milli və dünya ədəbiyyatının vəhdət qaynağında təşəkkül tapan Vaqif Bəhmənli yaradıcılığı hər iki xəzinəni zənginləşdirmək məramı daşıyan bir sənət örnəyidir.
Vaqif Bəhmənli poeziyasının 1980, 1990 və 2000-ci illərin əvvəllərini əhatə edən inkişaf dönəmləri onun poetik baxımdan daha da cilalanaraq, sosial-mənəvi siqlətini, siyasi hadisələrə refleksiya gücünü yetərincə artırdığı, vətənsevərliyin vətəndaşlıq amallarına yüksəldiyi mərhələlərin bir-birini tamamlamasıdır. Xüsusilə Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsi ilə yanaşı, bu böyük tarixi-siyasi hadisənin həm də Qarabağın işğalı faktı ilə çulğaşması Vaqif Bəhmənli poeziyasında "üsyankar ruhun" doğuluşu ilə yeni poetik səciyyə qazanır.
Şairin doxsanıncı illərin ictimai-siyasi gərginliyini əks etdirən şeirləri minilliklərin görk və yaşantılarını sinirlərinə çəkmiş milli tariximizin gözündən həmin konkret hadisələrə salınan poetik-əxlaqi nəzərdir. Bu dövrün xaotik olaylarında milli-azadlıq hərəkatının yüksək amallarını hədəfindən yayındıran məkrli niyyətləri şair qrotesk-obrazlarla əks etdirir.
Ardı...