Xalq şairi Bəxtiyar Vahabzadə - 100

BƏXTİYAR VAHABZADƏ POEZİYASININ SİRRİ

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik "Məni", orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Şairin təsvir təhkiyəsi insanın qəlb və əql aləmi, mənəvi-psixoloji və fəlsəfi-əxlaqi təbiəti ilə möhkəm bağlıdır. Bu poeziya bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürüb. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır! Onun fikir və düşüncə fəlsəfəsi kifayət qədər intellektualdır. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır. Böyük şair poeziyamıza intellektual yaradıcılıq üslubu gətirib və bu üslub bədii-fəlsəfi təzadların poeziyası kimi fərdilik qazanıb. Sənət məramına çatmaq təşnəsi ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən hər poetik mətndən yanğıyla nəfəs götürüb. Bəxtiyar Vahabzadə poeziyası dinclik bilməyən, yürüşdə olan, ehtiraslı və əzəmətli poeziyadır! Vaxt, Zaman və Sürət Bəxtiyar Vahabzadə poeziyasının məhək daşıdır. İnsan bu zamanın fəlsəfəsində gözəllik və əqidə mücəssəməsidir!

İnsandır hər şeyi mənalandıran,
Saat nə gərəkdir zaman olmasa.
Bir dağın, bir çayın gözəlliyini,
Söyləyin, kim duyar insan olmasa.

Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında M.Arif, M.C.Cəfərov, M.İbrahimov, B.Nəbiyev, T.Hacıyev, Y.Qarayev, K.Talıbzadə, Y.Axundlu, M.Əlioğlu, Ş.Salmanov, Ş.Alışanlı, V.Yusifli, R.Ulusel və başqaları qiymətli məqalələr yazıb, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev və professor Şamil Salmanov "Poeziyanın kamilliyi"adlı monoqrafiya çap etdirib.

Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, nağıl, dastan, əfsanə, rəvayət və bayatılarından gəlib, folkloru yaradıcı surətdə mənimsəyib. Şair klassik Şərq poeziyasına, təsəvvüf və irfana, Sədi Şirazi, Hafiz Şirazi, Xəyyam Nişapuri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rzaya, habelə ruslardan Puşkin və Lermontova, türklərdən Cəlaləddin Rumi, Yunus Emre , Mehmet Akif Ərsoy, Namiq Kamal və Çingiz Aytmatova, Cənubi Azərbaycan ədəbiyyatından Şəhriyar və Cavad Heyətə, Avropadan Vilyam Şekspir, Viktor Hüqo və Corc Bayrona bələd olub, onlardan qiymətli məqalələr çap etdirib.

Bəxtiyar Vahabzadə 1940-cı illərdə süjetli şeirlərlə ədəbiyyata gəlib ("Ana və şəkil", "Ədəbiyyat qəzeti", 25 may 1943). 1949-cu ildə ilk şeir toplusunu çap etdirib ("Mənim dostlarım", Bakı, "Azərnəşr", 1949). Predmetin lirik düşüncələrlə təsviri, təfərrüat və müşahidə birliyi "Böyük insan”, "Mənim dostlarım", "Yaşıl çəmən","Sabahınız xeyir olsun", "Ağ saçlar", "Təzə şəhər", "Məktəb şeirləri" üçün səciyyəvi olub.

Şair 1950-ci illərdə "Bahar", "Dostluq nəğməsi" (1953), "Əbədi heykəl " (1954), "Çinar" (1956), "Ceyran" (1957), "Aylı gecələr" (1958) kitablarında da eyni poetik axtarışları davam etdirib.

1960-cı illərin poeziyasında Bəxtiyar Vahabzadənin yaradıcılıq fərdiyyəti kamilləşib, poeziyasında ideyalılıq və sənətkarlıq axtarışları güclənib...



Ardı...