Elə bağlı sənətkar
Hüseyn Arif fitrətən lirik şairdir. O, hətta epik səpkili poemalarında da lirik şair
olaraq qalır. Onun lirik ricətləri, təbiət və insan psixologiyasının təsvirindəki lirizm
təsdiq edir ki, bu cəhət şairin yaradıcılığında əsas aparıcı amildir və onun bütün
əsərlərinin ruhuna hopmuşdur. Hüseyn Arif hər yerdə, hər zaman qələmə almaq
istədiyi hər kiçik lövhədə belə şeiriyyət axtarır və bunu bir şair həssaslığı ilə duyub
tapır. Şairin lirik qəhrəmanı yazın gəlməsində, otların-çiçəklərin cücərməsində, dağ
kəlinin sıldırım qayaların zirvəsinə qalxmasında, sonsuz ənginliklərdə qürurla süzən
qartal uçuşunda, vələslərin, palıdların əzəmətində, bəzən kükrəyib daşan, bəzən də
quzu kimi sakit axan çayların büllur sularında, turacların, kəkliklərin nəğməsində
əzəli və əbədi bir şeiriyyətin olduğunu duyur. Bütün bunlar Hüseyn Arifin təsvirində
əyilməzliyin, qürurun, mərdliyin, saflığın, paklığın və nəticə etibarı ilə Vətənin
rəmzinə çevrilir. Təbiətə məftunluq, onu bütün incəliklərinə qədər görmək və hiss
etmək şairin lirik təsvirlərinin gözəlliyinə, şeirlərinin daha axarlı olmasına zəmin
yaradan əsas amillərdəndir. Şairin elə bir şeiri yoxdur ki, orada onun səyyar xəyalı
Vətən torpağını qarış-qarış, addım-addım, cığır-cığır dolaşmasın. Bu şeirlərin
çoxunda Hüseyn Arif şairdən daha çox rəssama bənzəyir, ancaq rənglərlə yox,
sözlərlə lövhələr yaradır.
Qaralardı buludlar,
İslanardı göy otlar,
Kişnərdi harın atlar,
Dağlara çən düşəndə
Çobanlar darıxardı,
Ürəyi qəm sıxardı,
Qurd şikara çıxardı,
Dağlara çən düşəndə
Şeiriyyətlə dolu olan dilimizin söz xəzinəsindən seçilmiş, ilk baxışda sadə
görünən bu ifadələrdə şair bütöv bir təbiət lövhəsi yaratmışdır. Hüseyn Arif təbiəti
sadəcə tərənnüm etmir, özü ona qaynayıb qarışır. Məhz buna görə də qəlbi təbiətlə
bir döyünür: hardasa bir ağac qırılanda, hardasa bir qartal vurulanda, hardasa bir dağ
kəli namərd gülləsinə tuş gələndə, turac-kəklik nəğməsi susdurulanda şairin ürəyi
göynəyir, haraya çatmağa çalışır:
A çinar, təbiət sarı geyəndə,
Külək titrədəndə, yağış əyəndə,
Bir balta yarası sənə dəyəndə,
Ağrına, acına kömək olaydım
Şair “vələsin başına dolu döyüb, budağı qırılanda ona dayaq olmaq istəyir.”
Çalışır ki, meşə dara düşəndə onun harayına çatsın. Şairin bu təlaşı səbəbsiz deyil. O
görür ki, səhvə yol veririk. “ Bağ-bağatı yandırırıq”, “maşın çəkib ağacları sürüyür”,
“köklər daşlar altında qalır”. Belə getsə qızılgülün, kəkotunun ətrinə həsrət qalacayıq.
Hüseyn Arif təbiət vurğunu olan bir şairdir. Lakin onun əsas təsvir obyekti insandır.
Bu insanın hənirtisi, nəfəsi olmayanda təbiət də yetim qalır, öz-özlüyündə nə qədər
gözəl olsa da, insansız təbiətin yaraşığı yoxdur.
Ardı...
