XOŞBƏXT TALELİ SƏNƏTKAR – NƏBİ XƏZRİ
O, həmin dövrdə Bakının yaxın kəndlərindən olan Xırdalanda doğulmuşdu. 1924-cü ilin soyuq bir qış günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər kişinin ailəsində... 2007-ci ilin yanvar ayında - yenə soyuq bir qış günündə Bakıda vəfat etdi. Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirmişdi Nəbi Xəzri. Və bu yaxınlarda onun 95 illiyi tamam oldu.
İlk şeirini 1940-cı ildə qələmə almışdı. Onda 16 yaşı vardı. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçdı.
Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək mümkündür. Onun poeziyası son yetmiş beş ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var.
Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir.
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!
Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə, minlərlə şeirlər yazılıb və yazılacaq, çünki "Vətən əcdadımızın mədfənidir" (A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidədir, nə marşdır, nə də mədhiyyə, bu, Vətən sevgisinin ən poetik və mükəmməl ifadəsidi.
Gəl bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün,
Dağı sən götür
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün,
Ağı sən götür.
İlin övladıyıq yazla qış kimi,
Fəsillər yaşasın yanaşı məndə
Biz ki bir yerdəyik gözlə qaş kimi,
Gözlər səndə qalsın,
Göz yaşı məndə.
Azərbaycan poeziyasında yüzlərlə, minlərlə sevgi şeirləri yazılıb, yazılır və yazılacaq. Dünya ədəbiyyatına Nizami, Füzuli, Nəsimi kimi eşq mücahidləri bəxş etmişik. Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sarı Aşıq kimi gözəllik, sevgi aşiqləri əsrlərdir ki, bizi məhəbbətin ülviliyinə səsləyirlər. Nəbi Xəzri də bu missiyanı XX əsrdə davam etdirən şairlərdən biri idi.
Ardı...
