Xalq şairi Vahid Əziz - 80

VAHİD ƏZİZİN VƏTƏN NƏĞMƏLƏRİ

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda aparılımış mübarizə siyasi olduğu qədər də ədəbi hadisədir ki, bunu XX əsrin sonu-XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı öz tarixinə bütün ağrı-acı, həsrət-nisgil, ümid-intizar və nəhayət, möhtəşəm zəfər yaşantıları miqyasında az qala hər günün xronoloji ardıcıllığı ilə həkk etmişdir. Elə qələm adamları da olmuşdur ki, ədəbiyyatımızın xalq (və tarix!) qarşısındakı həmin məsuliyyətini üzərlərinə almağı yaradıcılıq tərcümeyi-halları üçün missiya saymışlar.

Xalq şairi Vahid Əziz gözoxşayan "Param-parça illər..." (Azərnəşr, 2021) kitabına toplanmış son dərəcə təsirli şeirlərilə göstərdi ki, mənsub olduğu millətin belə vətənpərvər söz ustalarından biridir. Azərbaycanın üzərini qara buludların almağa başladığı ilk illərdən - keçən əsrin 80-ci illərinin sonlarından zəfərin qürurunu doya-doya yaşadığımız günlərə qədər xalqımızın keçirdiyi hisslərin müfəssəl poetik salnaməsi olan kitab zəfər nəğmələrilə başlayır:

"Zəfər millətimin altun tacıymış", "Qələbə!", "Bir bayatı çağırdılar", "Payız bilə- bilə özü yubanır", "Sən mənim əbədi Qarabağımsan", "Tarix dərsi"... Hər nə qədər geniş poetexnoloji özünüifadə (və yaradıcılıq) imkanları olsa da, Vahid Əziz "Param-parça illər"də xalq şeirinin ən doğma janrlarına - bayatı, gəraylı və qoşmalara daha çox müraciət edir ki, təsadüfi deyil. Çünki xalqın özü kimi, onun şair övladı da Vətənin damarlarında axan qanın ritmini öz vətənpərvər sələfləri Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub kimi məhz həmin janrlarda tutur:

Düşmən öz zatına söyüb qaçacaq,
başına, dizinə döyüb qaçacaq,
sürünə-sürünə vaylar salacaq,
hələ çox salacaq, bu vay nədir ki?!
Payız təzə girib, yay bizimkidi,
yaslar düşmənlikdir, toy bizimkidi,
hesabın itirib, say bizimkidi,
Fələyin saydığı o say nədir ki?!
Yaşadıq yüzlərlə ağır ayları,
düşmən əsir etdi coşan çayları,
Qarabağ tanıyır bizim soyları,
Soyumuz yanında o soy nədir ki?!

Kitabda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu, Vətən müharibəsi günlərindəki Azərbaycan-Türkiyə həmrəyliyi, bu dostluğun, həmrəyliyin simvoluna çevrilən Şuşa yalnız böyük məhəbbətlə tərənnüm olunmur, eyni zamanda haqlı olaraq zəfərin silinməz atributları kimi təqdim edilir.

"Düşmənin", "Gedir", "Qanımda", "Sabah", "Getdi", "Yalnız irəliyə, yalnız irəli", "Biriydik", "Ordu", "Qarabağda", "Tanrı qoru Azərbaycan ordusunu", "Vətən sağ olsun" və s. onlarca qoşma təkcə mənfur düşmən üzərindəki tarixi qələbəni tərənnüm etmir, eyni zamanda bu qələbənin xalqımız (və müstəqil dövlətçiliyimiz!) üçün hansı itkilər, sınaqlar, gərginliklər hesabına başa gəldiyini də böyük bir şair həssaslığı ilə bəyan edir.



Ardı...