Zəlimxanın poeziya aləminə səyahət
Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş və bu diqqət, bu məhəbbət bir an belə səngiməmiş, çəkilmələrə məruz qalmamışdır. Ona görə də şairin poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir. Şairə dərin məhəbbətlə yazılan məqalələri toplasaq, cild-cild kitablara sığmaz. Təsadüfi deyildir ki, görkəmli alimimiz Nizami Cəfərov "Zəlimxan Yaqubdan yazılanlar" kitabına yazdığı ön sözdə xüsusi vurğulamışdır: "Zəlimxan Yaqub haqda yazılmış elə bir yazı yoxdur ki, şairə bəslənən dərin, hüdudsuz məhəbbət özünü bütün parlaqlığı ilə göstərməsin. Mən cəsarətlə deyə bilərəm ki, bu miqyasda (və bu keyfiyyətdə!) məhəbbət Azərbaycan ədəbiyyatının tarixində sonuncu dəfə Səməd Vurğuna qismət olmuşdur".
Zəlimxan Yaqubu bu xoşbəxtlik mərtəbəsinə yüksəltmiş şəxsiyyətlər arasında ömrünü milli elmimizə, ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizə həsr edən Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev, Süleyman Rəhimov, İsa Hüseynov, Mirvarid Dilbazi, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Pənah Xəlilov, Budaq Budaqov, Tofiq Hacıyev, Nizami Cəfərov, Camal Mustafayev, Səlahəddin Xəlilov və onlarla başqa elm, ədəbiyyat fədailərini görəndə istər-istəməz qürur duyursan.
İstər "Zəlimxan Yaqubdan yazılanlar" (Bakı, 2005), istərsə də sonra işıq üzü görən üçcildlik "Zəlimxan Yaqub ədəbi düşüncədə" (tərtib edəni və redaktoru Musa Nəbioğlu) kitabları özlüyündə çox şey deyir.
Zəlimxan Yaqubun ədəbi fəaliyyətinin ciddi elmi-tədqiqat müstəvisinə çıxarılması, onun bir şair kimi elm aləmində də yüksək dəyərləndirilməsindən xəbər verir. Əminə Hüseynova "Zəlimxan Yaqubun yaradıcılığı" və Qədim Rufullayev "Zəlimxan Yaqub və xalq yaradıcılığı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər.
Çəkinmədən deyə bilərəm ki, bütün bunlar şairin sahilsiz ümmana bənzər çoxşaxəli yaradıcılığını tam əhatə etməkdən çox uzaqdır. Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən. Bunları bilən tədqiqatçı şairin yaradıcılığına hərtərəfli vaqif ola bilər.
"Sözün Zəlimxan zirvəsi" kitabının əlyazmasını ön söz yazmaq üçün mənə təqdim edən Musa Nəbioğlu deyilənlərə cavab verə biləcək tədqiqatçıdır. Zəlimxanın yetişdiyi mühitdə boy atdığından, mayası sazla-sözlə yoğrulduğundan, neçə illərdən bəri Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktoru kimi aşıq yaradıcılığı ilə məşğul olduğundan, eləcə də uzun illərdən bəri Zəlimxan Yaqubun kitablarının tərtibçisi və redaktoru (şairin 13 cildlik əsərləri külliyyatı da daxil olmaqla) olduğundan və nəhayət şairin yaradıcılığını mükəmməl bildiyindən "Sözün Zəlimxan zirvəsi" vaxtında yazılmış uğurlu bir əsərdir. Əsərin uğurlu alınmasında yuxarıda sadaladıqlarımızla bərabər, tədqiqatçının istedadı və əməksevərliyi də rol oynamışdır.
Musa Nəbioğlunun ürəyi, qələmi, bütün vücudu Zəlimxan Yaqub yaradıcılığı üstündə köklənib. Tədqiqatçı Zəlimxanın üslubunu tamamilə saxlayaraq sinonimlərdən, antonimlərdən, xalq deyimlərindən Zəlimxan necə istifadə edibsə, öz əsərində eləcə istifadə edib. Bəzən adama elə gəlir ki, tədqiqatçının monoqrafiyasını deyil, Zəlimxan Yaqubun poeziyasını oxuyursan, şairin özünü dinləyirsən. Giriş və onüç bölümdən ibarət əsərin hər bölümünə şairin şeirlərindən bir misranı başlıq verməsi bu yaxınlığı daha da doğmalaşdırır.
Ardı...
