DİLÇİLİK VƏ ƏDƏBİYYAT ARASINDA KÖRPÜ: KAMAL ABDULLANIN ELMİ-ƏDƏBİ İRSİ
Azərbaycan elmi və bədii düşüncəsində bəzi şəxsiyyətlər var ki, onların avtobioqrafiyasında bir sıra məziyyətlər birləşib. Onlardan biri də yeni konsepsiyalar müəllifi olan Əməkdar elm xadimi, Xalq yazıçısı, ictimai xadim, akademik Kamal Abdulladır. Şanlı Zəfərimizin beçinci ilini qeyd etdiyimiz 2025-ci ildə görkəmli alimin çoxşaxəli yaradıcılıq yolunun 55, ömür yolunun isə 75 ili tamam olur. Bu rəqəmlər hər hansı sadə xalq adamının yaşadığı illər deyil. Çoxşaxəli yaradıcılıq, gərgin əmək, saysız-hesabsız elmi-publisistik, ədəbi-bədii əsərlər, qazanılan saysız-hesabsız uğurlar, ali mükafatlar və yüksək fəxri adlar, təltiflər bu mənalı və şərəfli ömür yolunun silinməz səhifələrini təşkil edir.
Orta məktəb illərimlə bağlı belə bir işıqlı xatirəm var ki, o zaman ailəmiz Kamal Abdullanın zəngin məzmunu və maraqlı formatı ilə seçilən televiziya proqramlarına xüsusi diqqətlə, hətta pərəstişkarlıqla baxardı. Sabahısı gün bu verilişlərin mövzusu o təlatümlü illərin məktəblisinin müzakirəsinə çevrilirdi. Televiziyada 1980-ci illərdən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olan Kamal Abdullanı Azərbaycan gənci əsl vətəndaş-ziyalı kimi məhz o illərdən sevdi və özünün meyar simalarından birinə çevirdi. Mən də bir yeniyetmə kimi məhz o illərdən Kamal Abdulla imzasının izinə düşdüm və demək olar ki, bütün yaradıcılığını izlədim. Qeyri-adi erudisiya, kəskin duyum tərzi, modern üslubu, təfəkküründəki bədiilik, zamanı qabaqlayan düşüncələri bizi bir oxucu kimi öz sirli-sehirli dünyasına valeh etdi.
Elmi əsərlərindən əlavə, Azərbaycan və dünya ədəbi ictimaiyyətinin böyük rəğbətinə səbəb olan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” kimi son dərəcə dəyərli romanları, “Ruh” adlı pyeslər toplusu, “Tarixsiz gündəlik” povesti, kiçik hekayə və poeamalarının cəmləndiyi “Nar çiçəkləri”, “Qəribədi, deyilmi?!”, altı dildə çap olunan “Bir, iki, bizimki!” pyesi və s. adlı kitablarındakı dərin məzmunlu və maraqlı pyesləri, hekayələri, esseləri və digər yaradıcılıq nümunələri Kamal Abdulla imzasına geniş oxucu kütləsi və auditoriyası qazandırıb. Bütün bunlar onun görkəmli sima kimi ədəbiyyat və elm tarixindəki müstəsna yerini təmin edib, yazıçı-şair kimi könlümüzdə taxt qurmasına rəvac verib və hər dəfəsində oxucusuna yenidən sevdirib.
Qorqudşünaslığa əvəzsiz töhfə olan silsilə xarakterli fundamental əsərləri Kamal Abdullanın dilçilik və ədəbiyyatşünaslıq elminə misilsiz töhfələridir. “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud”, “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” və s. əsərləri dilçi alim Kamal Abdullanın ədəbiyyatşünas qələminin bəhrələridir. Bu məqamları boşuna xatırlamadıq, çünki dilçilik elmi sözçülüyü sevməyən, riyazi dəqiqlik tələb edən, konkretlik, lakoniklik sevən elmidir. Ona görə də ədəbiyyatşünas, həmçinin ədəbiyyat, söz-sənət adamı olan, qələminin axıcılığı ilə seçilən Kamal Abdullanın bədii təxəyyülünün nəticəsində ərsəyə gələn “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” əsəri də elmimizin bu sahəsindəki nadir nümunələrdəndir. Özünün miqyaslı elmi və ədəbi təfəkkürünün vəhdətindən yaranan bu kimi əsərlərilə Kamal Abdulla oxucunu həm düşündürür, həm öyrədir, həm də problemin dərinliyinə varmağa sövq edir. Amma ustalıqla, alimliklə yanaşı, əsl yazıçı məharətilə yazıldığı üçün bu ciddi əsərləri mütəxəssis olmayan oxucu da dərk edir. Beləcə, elmiliklə bədiiliyin sintezindən möhtəşəm bir nəticə alınır.
