ŞUŞANIN ZƏFƏR DASTANI - CIĞIR
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri (və siyasi müdrikliyi!) sayəsində Azərbaycanın milli intibah şəhəri (bu gün isə mədəniyyət paytaxtı) Şuşanın düşmən əsarətindən xilas edilməsi elə bir möhtəşəm hadisədir ki, bütövlükdə milli tarixi yaddaşı hərəkətə gətirməklə ədəbi- ictimai şüur qarşısında geniş idrak üfüqləri açdı. Və məhsuldar yaradıcılıq axtarışları ilə Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərinə romanlar miqyasında müfəssəl analitik təhlil verməklə kifayətlənməyib keçmişlə bu günün sələf- xələflik münasibətlərinin genotipologiyasını aşkarlamağa xüsusi maraq göstərən Yunus Oğuzun Şuşanın "tərcümeyi- hal"ına müraciət etməsi, əlbəttə, ilk növbədə həmin möhtəşəm hadisənin - Şuşa Zəfərinin əks- sədasıdır. Görkəmli yazıçı- mütəfəkkirin on illərlə daxilində, ruhunda gəzdirdiyi nisgil Şuşa görüşlərindən, ziyarətlərindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətilə üzə çıxarır.
Roman Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın olduqca mürəkkəb dövrdə paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır...
"Xan gördü ki, Nəsrəddin kişi onun fikirlərini oxuyur. Sıldırım qayalara, göyün mavi ənginliyinə baxıb dilləndi:
-Görürəm, ürəyimdən keçənləri oxuyursan. Elədir, amma təzə yurd axtarmıram. Təzə paytaxt tikmək istəyirəm. Yurda gəldikdə isə bütün Azərbaycan mənim yurdumdur. Hökmüm çatan torpaqlar isə Qarabağdır. -Ah çəkdi. -Nadir şahdan sonra məmləkətin içi qarışıb. Əvvəl şahın tayfası tac uğrunda müharibəyə başladı. Şahı devirən qardaşı oğlu Adil şahı da öz qardaşı taxdan saldı, ona qarşı çıxdı. İndi ölkədə hərcmərclikdir. Xorasanda Nadir şahın qardaşı oğlu Adil şah tərəfindən gözü çıxarılan nəvəsi Şahruh, Şirazda Kərim xan Zənd, Astrabadda Məhəmməd Həsən xan Qacar, Urmiyyədə Fətəli xan Avşar şahlıq fikrinə düşüblər. Hamısı da namə yazıb ayrılıqda onlara qoşulmağımı təklif edirlər, hətta hədələyirlər"...
Yazıçı öz üslubuna sadiq qalaraq bütün əsər boyu dövrün siyasi mənzərəsini, baş verən hadisələrin tarixi köklərini, coğrafi miqyasını təsvir edir. Birinci növbədə heç də az olmayan tarixi mənbələrə əsaslanır, təxəyyülünün cilovunu buraxanda da çalışır ki, bu mənbələrin verdiyi təəssüratları zədələməsin:
"...Atlar yoxuşu qalxıb dayandılar. Onların qarşısında təsvir olunmayan bir gözəllik, lacivərd bir düzəngah açıldı. Hamı heyrətdə idi. Xan özü bu gözəlliyin əsirinə çevrilmişdi, deməyə söz tapmırdı. Yazın ortası olmasına baxmayaraq, hava soyuq idi. O daha atla getmək istəmədi, fikirləşdi ki, bu yerləri qarış-qarış gəzsin, hər daşı, hər kolu yaddaşında saxlasın, tikəcəyi şəhərin hər addımına bələd olsun".
Ardı...
