Xalq yazıçısı Yusif Səmədoğlu - 90

Səmədoğlu yazımı necə itirdi

“Yusif”, hamıya məlum olduğu kimi, “gözəl” deməkdir. Və Yusif Səmədoğlu bu dünyaya gəlişi, dədə-babadan gələn bu adı daşıması ilə onun (“Yusif” adının) məzmun-mündərəcəsini bir az da gözəlləşdirdi.

Yusif Səmədoğlunu mən ilk dəfə tələbəlik illərimdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində görüşdə görmüşəm… Və yadımda qalanlardan birincisi odur ki, çıxışına “bilirsiniz, mən natiq deyiləm…” sözlərilə başladı, ancaq bütün çıxışı boyu bir dəfə də olsun kəkələmədi. Məclis bitəndə tədbiri aparan dekanımız, professor (və dünya miqyaslı fonetist) Ağamusa Axundov özünə məxsus intonasiya ilə “Yusif müəllim təvazökarlıq elədi, o, eyni zamanda böyük natiq imiş” dedi. Biz əl çaldıq… Keçən əsrin ya yetmişinci illərinin sonu, ya da səksəninci illərinin əvvəlləri idi…Bir də yadımda o qalıb ki, tələbələrdən kiminsə “Vaqif Səmədoğlu sizin üçün kimdir?” sualına təbəssümlə “müasir dövrün ən böyük şairi” cavabını verdi. Sonra isə əlavə elədi: “Xahiş edirəm, özünə də çatdırın”…

İllər keçdi… “Füzulidən Vaqifə qədər” adlı bir məqalə yazmışdım. Və istəyirdim ki, Yusif Səmədoğlunun baş redaktor olduğu “Ulduz” jurnalında çıxsın… Bütün cəhdlərim hədər getdi. Çünki baş redaktoru tapmaq ümumiyyətlə mümkün deyildi, yerdə qalanlar isə hərəsi öz səviyyəsində “çax-çux”unda idilər…

Nə isə qərara gəlmişdim ki, bu cızmaqaramı Yusif müəllim gərək mütləq oxusun… Çap eləməsə belə… Onun (Səməd Vurğunun oğlunun!) fikri mənim üçün çox əhəmiyyətli idi. Çünki həmin məqalədə o vaxtki ağlımca Səməd Vurğunun Azərbaycan poeziyası tarixindəki yerini də müəyyənləşdirmişdim: Füzuli - tezis, Vaqif - antitezis, Səməd Vurğun - sintez… İş elə gətirdi ki, mənim passiv mücadiləm davam etdiyi aylarda Yusif müəllim “Ulduz”dan “Azərbaycan”a keçdi. Və nəhayət ki, bu keçid dövründə məqaləni Yusif qağaya çatdıra bildim… Dedi ki, bir həftədən sonra zəng elə, eşitmişəm, ciddi yazıdır, gərək rahat bir vaxt baxam. Kişiyə əziyyət verməmək üçün bir aydan sonra zəng elədim. Cavabı bu oldu ki, Nizami, qadası, oxudum, yaxşı yazıdı, növbəti nömrədə çıxacaq… Onda mən də “Ədəbiyyat və incəsənət” qəzetinin Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri idim. Və təbii ki, Yusif qağanın nəinki işdə, sözdə də qeyri-məhdud “demokratizm”i barədə kifayət qədər aydın təsəvvürüm vardı. İki-üç ay gözlədim. Bir şey çıxmadı… Zəng elədim. Üzürxahlıqdan sonra dedi ki, qadası, məqalə yaddan çıxıb işdə qalmışdı, indi evə aparıram, sən narahat olma, bu gecə oxuyacam… Elə mütəəssir oldum ki… Ağlıma da gəlməzdi ki, böyük bir yazıçı-intellektual mənim məqaləmi evə aparıb gecə oxuya.

Üstündən üç-dörd ay da keçdi… Günlərin bir günü özü zəng elədi ki, Nizami, sənin məqaləni oxudum, çox aktual məsələlər qaldırmısan, ancaq incimə, evə aparmışdım, hara qoyduğumu unutmuşam… Varsa bir nüsxəsini göndər verək, bu nömrəni sənə görə saxlamışam…

Ardı...