İmadəddin Nəsimi - 655

CAHANA SIĞMAYAN AZƏRBAYCAN ŞAİRİ

Qüdrətli sənət nəhənglərinin bədii dühasından və idrakından doğan orta əsr Azərbaycan poeziyasının görkəmli yaradıcıları olan sənətkarlardan hər biri ədəbiyyatda tarixi mərhələyə imza atmış, konkret ədəbi istiqamətlərin ən görkəmli simalarına çevrilmişlər.

Böyük sənət korifeyləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi və başqaları ədəbi fikrin inkişafındakı möhtəşəm xidmətləri ilə orta əsrlərdə Şərq dünyası miqyasını aşaraq, beynəlxalq aləmdə də əsl sənət ulduzları kimi parlamışlar. Bu sənətkarların adları ilə bağlı olan ədəbi məktəblər, poetik- üslubi istiqamətlər türk-müsəlman aləmində uzun əsrlər poeziyanın inkişafında aparıcı mövqeyə malik olmuşdur. Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi belə qüdrətli sənətkarların sırasında İmadəddin Nəsimi görkəmli yer tutur.

İmadəddin Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır.

Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır.

İmadəddin Nəsimi dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir. Nəsimi böyük ədəbi məktəb yaratmışdır.

Seyid İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. O, Azərbaycanın qədim elm və ədəbiyyat mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illəri burada keçən Seyid İmadəddin Nəsimi Şamaxıda mükəmməl mədrəsə təhsili almışdır. Bədii istedadı ilə diqqəti cəlb edən İmadəddin Nəsimi ilk şeirlərindən etibarən ədəbi mühitdə istedadlı cavan şair kimi qəbul olunmuşdur. Qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında bu günə qədər yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət yeri kimi qəbul olunması İmadəddin Nəsiminin mənsub olduğu şəcərəyə Azərbaycan xalqının, yerli əhalinin bəslədiyi yüksək ehtiramı nümayiş etdirir. Müxtəlif ədəbiyyatlarda Nəsiminin doğum yerinə dair müəyyən ölkələr və şəhərlər barədə qeyd edilən versiyalar onun anadan olduğu yerə aid olmayıb, tərcümeyi-halının digər hadisələri, xüsusən hürufilik təriqətini yaymaq üçün etdiyi səfərlər, müvəqqəti məskunlaşdığı məkanlarla əlaqədardır. Belə ki, Nəsimi hürufizm ideyalarını yaymaq üçün Azərbaycan vilayətlərindən başqa həm də İranda, Türkiyədə, İraqda, Suriyada olmuş və geniş təbliğat işləri aparmışdır. Olduğu ölkələrdə Nəsiminin və hürufizmin əleyhdarları olduğu kimi, tərəfdarları da formalaşmışdır. Bütün çətinliklərə baxmayaraq, onlar ustadlarının adını və əqidəsini daim uca tutaraq yaşatmışlar.

Ardı...