FƏDAKAR ALİM, ŞƏFALI HƏKİM, BÖYÜK ŞƏXSİYYƏT
Bütün tarixi mərhələlərdə xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni onun ziyalılarıdır. Bu insanlar milli yaddaşın, milli ruhun daşıyıcısı kimi həmişə müxtəlif sahələrdə zirvələrə ucalmışlar. Amalı, nəcib məqsədləri ilə çoxlarından fərqlənən belə şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanmışdır.
Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibləri bu baxımdan seçilmiş insanlardır. Dünyaşöhrətli alim, əvəzolunmaz cərrah, qayğıkeş həkim, akademik Mustafa bəy Topçubaşov belə şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır, daim dərin ehtiram və rəğbətlə anılır.
Bu il böyük alimin anadan olmasının 130 illik yubileyi qeyd olunur. Həmin tarixlə əlaqədar Azərbaycan Prezidenti xüsusi sərəncam imzalayıb. Sərəncamda görkəmli ziyalının tibb elmi və tibb təhsili, səhiyyə sahəsindəki xidmətləri yüksək dəyərləndirilib: "Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir".
M.Topçubaşov AMEA-nın ilk həqiqi üzvlərindən olmuş, həyatını bütünlüklə Azərbaycan səhiyyə sisteminin təkmilləşməsinə, milli tibb kadrlarının hazırlanmasına, onların yüksəksəviyyəli mütəxəssis kimi yetişmələrinə həsr etmişdir. Görkəmli alim həmçinin tibb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmdə, tibb təhsilinin tədrisində, müalicə və profilaktika işlərində mühüm islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərmişdir.
Gələcək həyat yolunu özü seçdi.
Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci ilin avqustunda Göykümbət kəndində anadan olmuşdur. İlk təhsilini Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə almışdı. 1904-cü ildə isə gimnaziyaya daxil olmuşdu. Oranı bitirdikdən sonra Mustafa valideynlərinə ali təhsil almaq arzusunda olduğunu bildirmişdi. Atası Ağabəy kişi bağban idi. Təbiətcə sakit görkəmi ilə seçilən bu insan İrəvanda "el adamı, el ağsaqqalı" kimi tanınırdı. Anası Fatma xanım həlim və işgüzar xarakterli, keçmiş bəy babaları ilə fəxr edən bir qadın idi. O da xalq təbabətinin bilicisi kimi eldə, obada ad-san qazanmışdı.
Ağabəy kişi Mustafanın Rusiyaya getməsinə qəti şəkildə razı deyildi. Gimnaziyanın müdiri onun övladının nə qədər ümidverici bir məzun olduğunu söyləsə də, atasında oğlunun gələcəyinə ümid yaradan "müsəlman hara, doktorluq hara" fikrini başından çıxara bilməmişdi. Anası isə onun təhsilini davam etdirməsinə etirazını bildirməsə də, qalmaqallı "Uruset"ə getməyinə razı deyildi. Lakin Mustafa israrlı idi. Moskva Darülfununun rektorunun adına ərizə yazır, tibb fakültəsinə götürülməsini xahiş edir. O zaman ali məktəblərə qəbul imtahansız keçirilirdi. Özünü təhsildə doğrultmayan gənclər hansı kursda oxumasından asılı olmayaraq, ali məktəbdən xaric edilirdilər. Mustafa Moskvadan ərizəsinə müsbət cavab almadı. Səbəb kimi Moskva ali məktəblərinə Cənubi Qafqazdan, ümumiyyətlə, tələbə götürülmədiyi, müstəsna hallarda yalnız əlaçı şəhadətnaməsi olanların qəbul olunması göstərilirdi. Cavab məktubunda əlavə olaraq o da qeyd edilirdi ki, cənab Topçubaşov Kiyev və Xarkov darülfununlarından birinə qəbulla əlaqədar müraciət edə bilər.
Ardı...
