O SEYRAN SƏXAVƏT VƏ BU SEYRAN SƏXAVƏT...
Qarabağ torpağında yazılmağa başlamış, sonrakı fəsilləri Bakıda, Azərbaycanın hər yerində yazılmış bir möhtəşəm ədəbi şedevrdir Seyran Səxavət. Yeni fəsilləri hələ də yazılmaqda davam edir...
Elə yazıçılar, elə qələm adamları var, sözün namusuna toxunur. Sözün ismətini ləkələməkdən sanki həzz alır. Sözü öz şəxsi, "bədii" şəhvətinin qurbanına çevirir. Sözlə lakey kimi davranır.
Seyran Səxavət isə, əksinə, Sözün namusunu qoruyur. Sözü yerdən qaldırıb öpüb gözünün üstünə qoyur. Ramiz Rövşən demişkən, Sözün tozunu alır. Silib, təmizləyir, hisdən-pasdan arındırıb, ürəyinin üstündə, dilinin ucunda saxlayır. Yeri düşəndə o Sözü layiq olduğu o təmiz, ağ vərəqlərə bükür, üstünə Ədəbiyyat "markası" yapışdırıb, Əbədiyyətə pay göndərir.
Yaxından tanıyanlar, dərindən bələd olanlar yaxşı bilir: Seyran Səxavət həmişə sözünün ağasıdır. Amma Sözün ağası deyil.
Bəziləri kimi Sözə nökər kimi baxmır, qul kimi rəftar etmir. Sözlə dostluq edir, sirdaşlıq edir. Yeri gələndə ata qyğısı göstərir, yeri gələndə qardaş sevgisi. Sözə sevgili kimi baxır; Sözə vurulur, sevir-sevilir, "sevişir". Bu "ədəbi izdivac"dan sağlam və güclü, ağıllı və əxlaqlı "balalar" - romanlar, povestlər, hekayələr, pyeslər, şeirlər doğulur. Nur topu kimi oğlan-Söz. Su sonası kimi qız-Söz.
Seyran Səxavət özlüyündə ədəbiyyatımızın, mədəniyyətimizin şah əsəridir. Seyran Səxavət dil təfəkkürümüzün başına gələn ən qeyrətli hadisədir. Seyran Səxavət ana dilimizin düzgün işləyən "təmizlik qurğusudur", millətinin dərdlərinin süzgəcidir.
