Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu - 60

ŞAİR FİKRƏT SADIĞIN YADİGARI

Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir… Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, “Şamaxı, ay Şamaxı” mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir…” Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır… “Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir… O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb… Ardı...