Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi
Milyonların sevgisini qazanmış böyük sənətkarımız Polad Bülbüloğlunun 75 yaşı tamam
oldu. Onun pərəstişkarlar ordusu son dərəcə geniş və müxtəlif, çoxmillətli və çoxtəbəqəlidir.
O, indi də, harada çıxış etməsindən asılı olmayaraq, dolu zallar və qeyri-adi tamaşaçı
hüsnrəğbəti ilə qarşılaşır. Polad Bülbüloğlunun istedadı və sənətinin cazibəsi qarşısında Zaman da
sanki aciz görünür. Bu fikrin həqiqiliyini ötən yay Polad müəllimin Türkmənistanın paytaxtı
Aşqabadda baş tutmuş konsertində bir daha anladım. O özünü səhnədə qeyri-adi dərəcədə gümrah
və çevik, yəni 50 il bundan öncə nəhəng salonları necə ələ alırdısa, o tərzdə aparırdı. Konsertin
sonuna doğru səhnədə gül-çiçək əlindən tərpənmək olmurdu. Tamaşaçılar onu heç cür buraxmaq
istəmirdilər. Etiraf edim ki, bu cür tamaşaçı şovqü və çoşqunluğu ilə çoxdandır
rastlaşmamışdım. Həmin günlər MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası
Şurasının Aşqabadda növbəti toplantısı keçirilirdi və hər ölkədən bu mötəbər tədbirdə böyük
nümayəndə heyəti iştirak edirdi. Biz də - nümayəndə heyətinin üzvləri Polad müəllimi həm bu
sanballı quruma sədrlik edən təcrübəli dövlət və ictimai xadim kimi, həm də böyük səhnəni sanki
heç vaxt tərk etməyən parlaq sənətkar kimi bir-birindən tam fərqli simada yaxından izləmək imkanı
qazandıq. O, hər iki ampluada diqqət mərkəzində idi və şəxsiyyətinin bu çoxcəhətliyi üzvi vəhdətdə
ortaya çıxırdı. Əslində, Polad müəllimin zəngin hadisə və təəssüratlarla dolu bütün həyat və
yaradıcılıq yolu bunun aydın əksidir.
Polad Bülbüloğlu 1960-cı illərin ikinci yarısında Azərbaycan musiqi mədəniyyətinə
özünəməxsus bir tərzdə – Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi olmaqla
yanaşı, həm də məxsusi tembrə və ifa tərzinə malik müğənni simasında – ölməz Bülbülün oğlu və
davamçısı kimi fəal və parlaq surətdə daxil oldu. Musiqisində və səsində müasirliklə milliliyi yeni
bir məcrada qovuşdurması ona bütün SSRİ məkanında tez bir zamanda böyük şöhrət
gətirdi. Bəstəkar və müğənni sənətlərinin bu sayaq üzvi və davamlı birləşməsi faktına əslində, XX
əsr milli musiqi tariximizdə ilk dəfə rast gəlirik. Çünki onun görkəmli musiqiçi şəxsiyyəti özündə
daim bəstəkar-müğənni tandeminin ayrılmaz, üzvi vəhdətini yaşadır və çoxsaylı pərəstişkarlar
ordusu, habelə geniş ictimaiyyət də onu məhz belə qəbul edib qavrayır. Polad Bülbüloğlu indi də
dillər əzbəri olan və xalq ruhu ilə yoğurulmuş mahnılarının ən gözəl ifaçısı və təfsirçisidir. Bu da
təsadüfi deyil. Axı Polad Bülbüloğlunun həyatda ilk eşitdiyi musiqi sədaları dahi atasının oxuduğu
füsunkar xalq mahnıları, milli bəstəkar yaradıcılığının ölməz nümunələri olub. Tale sanki onun
gözəl musiqiçi kimi yetişməsi və böyüməsi üçün hər bir şərait yaradıb. Hazırda Bülbülün mənzilmuzeyi kimi fəaliyyət göstərən qonaqpərvər evində daim görkəmli ziyalılar – Məmməd Səid
Ordubadi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Yusuf Məmmədəliyev, Qara Qarayev, Niyazi,
Fikrət Əmirov, Rəşid Behbudov, Süleyman Ələsgərov, Tofiq Quliyev və digər adlı-sanlı sənət
adamları, habelə Bakıya qastrola gələn məşhur ifaçılar, Bülbülün tələbələri yığışardı. O zamanlar
konservatoriyada dərs otaqları çatışmadığından, professor Bülbül bəzi günlər öz tələbələri ilə evdə
məşğul olardı və balaca Polad böyük maraq və həvəslə o gözəl anları izləyərdi. Poladın vətənpərvər
və yaradıcı şəxsiyyət, incəsənət və dövlət xadimi kimi formalaşmasında heç şübhəsiz, bu mühitin
müstəsna rolu danılmazdır.
Ardı...
