ZAMANIN HÜDUDLARINI AŞAN SƏNƏTKAR
Görkəmli ədibimiz, Xalq yazıçısı Süleyman Rəhimov Azərbaycan epopeyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. S.Rəhimov barədə söz açarkən onu Azərbaycan nəsrinin "uzaqvuran topu" adlandıran Xalq şairi Səməd Vurğun haqlı olaraq qeyd edirdi ki, geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. O, realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq mübarizəsini inandırıcı şəkildə təsvir edib. "Şamo", "Ata və oğul", "Aynalı" əsərlərində, "Ötən günlər dəftərindən" adlı hekayələr kitabında kəndin təsviri geniş şəkildə qələmə alınıb. "Şamo" əsərindəki Şehli kəndinin təsvirində varlılarla kasıblar arasında ziddiyyət aydın görünür. Bu kənddə yaşayan varlılar dəbdəbəli həyat sürürlər, onlar ehtiyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə isə yoxsulların qaranlıq daxmaları öz varlığından utanırmış kimi dərələrin küncünə, təpələrin yamacına sığınıb. Bu yastı-yapalaq daxmalarda yaşayan insanlar bir parça çörəyə möhtac olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür, döyülür, təhqir edilirdilər. Bu baxımdan müəllifin "Üzsüz qonaq", "Muzdur əhvalatı", "Mozalan kəndi", "Xoruzlu dəsmal", "Su ərizəsi" kimi hekayələri dəyərli nümunələrdir.
Uğrunda mübarizə aparılan yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi kimi, onun insanları da hüquqsuz kəndlilərdən fərqlənirlər. Onlar cəmiyyət üçün insanların rifahı naminə xeyirxah işlərlə məşğul olurlar. Bu baxımdan ədibin "Yanan buludlar" adlı hekayə-oçerki xüsusilə diqqəti cəlb edir. Hekayənin qəhrəmanı Nəbi kişi inkişafı düzgün başa düşən bir surət kimi verilib. O istəyir ki, insanlar daha çox işlərə qadir olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin ön sırasında getsinlər. Müasir kənd mövzusunda yazılmış "Ağbulaq dağlarında" romanında yeni həyat, yeni ictimai münasibətlər xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş atası kimi xeyirxah işlər görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. "Qardaş qəbri", "Mehman", "Ana abidəsi" və bu kimi başqa əsərlərində Süleyman Rəhimov kənd həyatından sonsuz bir məhəbbətlə söhbət açır. Süleyman Rəhimovun xalq həyatı ilə yaxından tanışlığı və yaratdığı obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli gəlir. Onun əsərlərində xalq həyatını dərindən, istedadla, böyük yaradıcılıq əzmi ilə qələmə aldığını müşahidə edirik. Süleyman Rəhimov öz yaradıcılıq işini həmişə geniş ictimai fəaliyyətlə əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə yerinə yetirmişdi. O hesab edirdi ki, "yazıçı harada, hansı şəraitdə olursa-olsun onun ürəyi yaradıcı sənətkar ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir. O, zəhmətlə, qələmlə, kağızla birləşməli, yüksək bədii məhsulunu verməlidir!"
Görkəmli yazıçı sənətin və sənətkarın yaradıcısı olan xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etmək, ona arxalanmaq kimi keyfiyyətləri əsərlərində, sadə insanların təsvirində uğurla göstərib. Müasir ədəbiyyatımızın şöhrətlənməsində, müxtəlif millətlərdən geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri çox güclü olub. Xalqımızın gözəl mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini, igid babaların ağ günlər üçün fədakarlığını söz sənətində yaşatdığına, əbədiləşdirdiyinə görə Süleyman Rəhimov sevilərək oxunan yazıçılardan biri kimi daima ehtiramla xatırlanır.
Ardı...
