Xalq rəssamı Lətif Kərimov - 120

LƏTİF KƏRİMOV DÜHASI – XALÇAÇI RƏSSAM, SƏNƏTŞÜNAS ALİM

“Bəzi jurnalistlər sözün qədrini bilmirlər. Yerli-yersiz hara gəldi səpələyirlər. Xahiş edirəm mənim haqqımda dəbdəbəli sözlər, cümlələr işlətməyəsiniz” – deyirdi o. “Azərbaycan dekorativ və tətbiqi sənəti sahəsində ən çox nə ilə fəxr edirsiniz” sualına isə – “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi ilə” deyə cavab verirdi. Bu yazıda Azərbaycan xalça sənətinin mahir bilicisi, ömrünü həsr etdiyi bu qədim sənətimizin “pasport”unu yaratmış, dünyada ilk dəfə Azərbaycanda Xalça Muzeyinin (1967) yaradılmasında fədakarlıq göstərmiş, ölkəmizdə UNESCO-nun xətti ilə ilk beynəlxalq xalça simpoziumunun (1983) təşkilində bilavasitə iştirak etmiş dünya şöhrətli xalçaçı rəssam, sənətşünas Lətif Hüseyn oğlu Kərimovdan (17.11.1906 – 9.9.1991) söhbət açmaq istərdim. Lətif Kərimov Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada anadan olmuşdu. Rəssam özü haqqında deyirdi: “Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı idi. Onun toxuduğu “Ləmpə”, “Dəryanur”, “Saxsıda güllər” çox adlı-sanlı olub. Mən o xalçaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfasının çörək ağacı sayılırdı” (“Sovet kəndi” qəzeti. 10.7.1979). O, 1911-ci ildə ailəsi ilə İranın Məşhəd şəhərinə köçmüş, orada xalçaçı Mirzə Ələkbər Hüseynzadədən xalça sənətinin sirlərinə yiyələnmişdi. 1929-cu ildə Bakıya dönən Lətif Kərimov 1930-cu ildən “Azərxalça” İstehsalat Birliyinin bədii-texniki rəhbəri olmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında və rəhbərliyi ilə “Əfşan” (1931, 1957), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952, 1982), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1967, 1977), “Ağaclı” (1974) “Şəbi-hicran” (1975), “Heyvanlar aləmində” (1976), “Zərxara” (1977), “Xətai” (1981), “Əsrlərin nəğməsi” (1985), “Əcəmi” (1985), “Mehrabi Əcəmi” (1987) ornamental xalçaları, “Firdovsi” (1934), Nizami “Xəmsə”sinin motivləri əsasında toxunmuş 5 məşhur xalça (1940-41), “S.Vurğun” (1956), “Avtoportret” (1956), “N.Nərimanov” (1959), “M.P.Vaqif” (1967), “M.Füzuli” (1972), “İ.Nəsimi” (1974), “S.Urməvi” (1975), “M.Əcəmi” (1976) və başqa süjetli xalçalar toxunmuşdur. Sənətkar həmçinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunun portalları, tağları və interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi olmuşdur. Ardı...