Xalq şairi Vaqif Səmədoğlu - 85

Şairin şöhrəti, şərəfi... Və istiqlalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu "İstiqlal" ordeni ilə təltif etdi. "Şöhrət" və "Şərəf" ordenlərindən sonra "İstiqlal" böyük şair-mütəfəkkirin təltif edildiyi üçüncü yüksək dövlət mükafatı oldu.

Hər üç təltifin, xüsusilə üçüncüsünün, mənim fikrimcə, ən azı, iki mühüm mənası var. Birincisi ondan ibarətdir ki, Vaqif Səmədoğlu öz yaradıcılığının xarakterinə, ideya-məzmununa, hətta ifadə formasına görə məhz istiqlal şairidir. İlk şeirlərinin çap olunduğu 60-cı illərdən etibarən həmişə insan (və cəmiyyət), ruh (və sosial mənəviyyat) azadlığı ideyalarını qarşısıalınmaz bir enerji (və ehtirasla) təbliğ etmiş, 80-ci illərin sonu 90-cı illərin əvvəllərindən milli azadlıq hərəkatının liderlərindən biri kimi həm poetik yaradıcılığı, həm də ictimai- siyasi fəaliyyəti ilə istiqlal mübarizəsinin ön sıralarına çıxmışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Azərbaycanda müstəqil (və milli) dövlət quruculuğu prosesində Vaqif Səmədoğlu millət vəkili olaraq böyük həvəslə iştirak etmişdir.

"İstiqlal" ordeni ilə təltifin ikinci mənası isə ondan ibarətdir ki, Azərbaycan dövləti insan (və millət) azadlığı uğrunda illərlə mübarizə aparmış bir şair-mütəfəkkiri, ictimai-siyasi xadimi yüksək qiymətləndirməklə ali məramını ifadə etdi. Və bir daha göstərdi ki, xalqın böyük şəxsiyyətləri, onların taleyi həmişə dövlətin (və Prezidentin) diqqət mərkəzindədir.

Vaqif Səmədoğlu öz dövrünün övladı olsa da, yəni, ideya-estetik təfəkkürü keçən əsrin ortalarından sonra formalaşsa da, dahi Səməd Vurğunun ailəsində böyüməsi, elə bilirəm ki, onun bir şair (və şəxsiyyət) olaraq xarakterini müəyyən edən əsas amil olmuşdur. "Min illik Azərbaycan poeziyasının ən populyar misralarının müəllifi" olan dahi Səməd Vurğunun bir çox xüsusiyyətlərini Vaqif Səmədoğluda da görmək mümkündür ki, buraya hər şeydən əvvəl, a) etnoqrafik-milli müəyyənliyi; b) yüksək vətənpərvərliyi və c) analitik-intellektual təfəkkürü aid etmək olar.

Yaşayıb-yaratdığı dövr Səməd Vurğundan, ümumən ədəbi-ictimai mühitdən fundamentalizm (pafos!)tələb edirdi. Və şair bu və buna bənzər "prinsipial" tələbləri yerinə yetirməli idi. Lakin milli təəssübkeşlik, analitik təfəkkür, istedad (və ilham!) bütün hallarda öz böyük həqiqətini diktə etməkdə idi. Səməd Vurğunun hansı ideya-mənəvi mövqe uğrunda mübarizə apardığını onun iki böyük övladı - Yusif və Vaqif Səmədoğluların sözün geniş mənasında yaradıcılıq təcrübəsi (və şəxsiyyəti!) də parlaq şəkildə göstərdi. Dahi Atanın, uğrunda mübarizə apardığı, xəyallarında gördüyü istiqlalı övladları, biri (Yusif Səmədoğlu) bir az az, digəri (Vaqif Səmədoğlu) bir az çox real həyatda gördülər.

...Vaqif Səmədoğlunu Səməd Vurğundan fərqləndirəcək yalnız bir mühüm məqam maraq doğura bilər ki, bu da intonasiya-pafos məsələsidir. Belə ki, Səməd Vurğundan sonra Azərbaycan poeziyası o zaman hələ gənc olan istedadlı şairlərin şəxsində "ton"unu aşağı salmağa, hətta pıçıltı ilə danışmağa başladı. Çünki artıq elə mətləblərdən bəhs edilirdi ki, onu bərkdən (pafosla) demək olmazdı.

Və Vaqif Səmədoğlu elə ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi (ritmi!) ilə yazdı. Bu isə bir insanın dünyası miqyasında olsa da, hər halda, azadlıq (istiqlal!) uğrunda mübarizə idi.

Həm ideya-məzmunda, həm də forma-intonasiyada Səməd Vurğun miqyasına öyrəşmiş ədəbi tənqid, ümumən ədəbi-ictimai təfəkkür Vaqif Səmədoğlu üslubunu uzun müddət qəbul etməkdə bir də ona görə çətinlik çəkdi ki, Vaqif Səmədoğlu Səməd Vurğunun bilavasitə varisi idi. Və tamamilə aydın idi ki, ədəbi ictimaiyyət Vaqif Səmədoğludan məhz Səməd Vurğunun yolu ilə getməsini, hətta onu təqlid etməsini gözləyirdi. Fitrətən azad ruhlu Vaqif Səmədoğlu isə heç kimi təqlid etmək fikrində deyildi!

Həqiqət naminə, heç bir konyuktur güdmədən xatırlatsaq ki, keçən əsrin ortalarından etibarən Azərbaycan poeziyasının biri digərini guya estetik baxımdan inkar edən iki üslub-istiqaməti arasında mübarizə gedirdi və həmin mübarizənin əsasən konyuktur iştirakçıları Vaqif Səmədoğlunun Səməd Vurğun deyil, Rəsul Rza "cəbhə"sində dayanmağından narahat idilər, açıqca etirazlarını bildirirdilər, onda təsəvvür etmək çətin deyil ki, gənc şair hansı yaradıcılıq həyəcanları keçirmişdi. Rəsul Rzanın onu (Vaqif Vəkilovu) müdafiə etməsi gərginliyi daha da gücləndirirdi ki, bu da səmədvurğunçuları, əlbəttə, heç cür razı sala bilməzdi. Əgər sıradan, daha doğrusu, neytral bir istedad olsaydı, başqa məsələ idi. Söhbət Səməd Vurğunun oğlundan gedirdi... Ardı...