Kino fəaliyyəti
Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü.
Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq:
"Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir.
Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor".
Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib
sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun
yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.
Sevil (film, 1929)
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional
dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino
fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin
motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk
milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib
siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından
istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.
Sevil (film, 1970)
"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin
70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna,
qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir
azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz
qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə
düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı.
Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus
bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı
aldığı təəssürat əsasında "Gülər" hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft
və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.
Almaz (film, 1936)
"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən
Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra
dərhal "Almaz" filminin çəkilişlərinə başladı.
Sona xanımın xatirələrindən:
"Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. T əəssüf ki, Cəfər bu
quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin
sənət dostları "Almaz" filmini C əfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun
ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə
raport verdilər".
Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini
kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü ist əmədən
uzaqlaşmağa məcbur olmuşdu.
Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını
monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes
verməyəcəklər.
Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə
yazdığı məktubdan bir parçaya diqqət yetirək:
"...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən
başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto
yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim
"1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri
kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə
pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında
işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.
Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində
lazımi kadrların olmaması v əziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq
məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.
Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək
barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi.
Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların
yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. "Hara gedir Azərkino" adlı
məqaləsində oxuyuruq:
"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən
mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil
və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar"
kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü
üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını
çəkilmir, dedilər türk qadınları yoxdur.
Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125
işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında
aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs
aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun
üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını
tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın
zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq
iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın
qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o,
Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə
yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə
məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim
kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə
inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq.
Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir".
Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı.
Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü il tarixli məktubunda Cəfər Cabbarlı öz
gərgin iş vəziyyətini belə təsvir edirdi:
"...Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda "1905-ci il"in
pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada
həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci ildə"
filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü
qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan
getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə
başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa"nın ancaq bircə 4-cü pərdəsi qalıb.
1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib
Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm"i qurtarasan, operada oynayaq. Deyirəm
vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o
yandan da "Əfqanıstan" ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə
yazaram... Sonra, Türk teatrında "1905-ci ildə"ni quruluşda verməliyəm. Rus teatrında da
"1905-ci ildə" gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da
"Səfa"nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otello"nu təzələmək
boynuma qalmışdır. Onlardan bir cür ilə boyun
qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə
edəcəyəm. Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim
işlərim. İndi gələk sənin işlərinə...".
Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında
böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu
sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında
Cabbarlının xidmətləri əvəzsizdir.
O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq
Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil",
"Almaz" kimi gözəl filmlər bəxş etmişdir.

"Solğun çiçəklər" pyesi (1987)
"Aydın" tamaşası (birinci hissə)
"Aydın" tamaşası (ikinci hissə)
"Oqtay Eloğlu" tamaşası (1984)
