Yaradıcılığının üçüncü dövrü
Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının
həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet
rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə
olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur.
C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq,
həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Cəfər Cabbarlı 1920-1930-cu illərdə
Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai
məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur.
Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək
mümkün deyildir.
1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı
1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci
ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil
Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi "köhnə bir dərd" idi. Yazıçının
hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin
yazıçı Azərbaycan qadınlarını donmuş bir v əziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar
get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv
etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.
Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə
düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə
Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks
etdirilmişdir.
1930-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu
kütləsi arasında rezonansa səbəb olan "Sevil" pyesində dramaturq yeni cəmiyyət, yeni
insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti
bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir
həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir.
1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində
işləməyə başladı.
"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu,
ikincisi isə yeni kənd məsələsi idi.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk
tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.
Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri
kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti
üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.
1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar
dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır.
Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı
özü işləmişdir.
1932-ci ildə C.Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı
məktubda ədib əsər haqqında bunları deyir:
"Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda
qurtaracağam..."
Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – "Dönüş"
pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca" adlandırmışdı? Bu suala ədibin bir az əvvəl
A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki,
Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum
olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına
tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya,
"səhnəmizin güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə
böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir
pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki
nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini
təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.
Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar,
yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir.
Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan
qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən
qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq
narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes "Oqtay Eloğlu" əsərinin
davamı kimi götürülə bilər.
"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər
1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı
yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək
istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin
əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni,
təşəbbüskar elm adamlarını alqışlayır. "Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi.
1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu
illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm
opera teatrında, həm də kinoda işləyirdi.
