ELM FƏDAİSİ, YORULMAZ MÜƏLLİM, QEYRƏTLİ VƏTƏNDAŞ
Azərbaycan ədəbiyyatşünaslıq elminin XX əsrin ikinci yarısında yetişmiş görkəmli simalarından AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olduğu gündən 100 il keçir. O, özünün Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, Məmməd Cəfər və Həmid Araslı kimi böyük məsləkdaşları ilə birlikdə ölkəmizdə ədəbiyyatın və elmin inkişafında, ədəbi əlaqələrimizin vüsətlənməsində, alimlərimizin yeni, istedadlı, vətənpərvər nəsillərinin yetişməsində təqdirəlayiq xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyev Abbas Zamanovu yaxından tanımış, xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirmişdi. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən A.Zamanovun vəfatı xəbərini alanda "Səs" qəzetində nəşr olunan başsağlığı məktubunda yazmışdı: "Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Ədəbiyyatımızın bir çox ölkələrdə tanınması və təbliğ olunması onun adı ilə bağlıdır. Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir" ("Səs" qəzeti, 7 aprel 1993-cü il).
Abbas Fəttah oğlu Zamanov 1911-ci ildə oktyabr ayının 10-da Şərurun Maxta kəndində yoxsul əkinçi ailəsində dünyaya gəlmişdir. Özü danışardı ki, 1918-ci ildə erməni quldur dəstələrinin hücumundan xilas olmaq üçün Cənubi Azərbaycana köçən şərurlular arasında onların da ailəsi varmış. Anadan yetim qalmış Abbas atası və qardaşı İsmayılla Xoyda sığınacaq tapmışdılar. Fəttah kişi bir ərbabın malikanəsində muzdurluq edir, ailəsinin yarımac güzəranını böyük çətinliklə yoluna qoyurdu. Xeyli zəifləmiş xəstə qardaşı məhrumiyyətlərə, müalicəsizliyə dözməyib dünyasını dəyişmişdi.
Daşnak həmlələrinin qarşısı alınandan sonra Maxtaya qayıdan Fəttah kişi evlənmiş, uşaqlarının sayı artmışdı. Cütü, öküzü olmayan ailəni dolandırmaq zor iş idi. Əlacsız qalan ata Abbası uşaq evinə verməli olur. Burada yaşaya-yaşaya təhsil almağa müvəffəq olan A.Zamanov 1926-cı ildə Bakı darülmüəlliminə qəbul edilmişdir. O, təxminən 40 il sonra Maarif komissarlığının arxivində çalışarkən özünün o zamankı şəxsi işinə rast gəlib. Saralmış qovluğunun üzərində yazılıbmış: "Ədəbiyyatdan "əla", riyaziyyatdan "iki üstəgəl" qiymət aldığı və çocuq evində yaşadığı üçün qəbul edilsin". Ədəbiyyatdan "əla"nı imtahan günü ona şəxsən Abdulla Şaiq müəllim yazıbmış… (Bu sənədin fotosurətini vaxtilə Abbas müəllim xəfif kədər qarışıq bir iftixar duyğusu ilə bu sətirlərin müəllifinə göstərmişdi).
Darülmüəllimini bitirdikdən sonra Astraxanbazarda (indiki Cəlilabad) bir il müəllimlik edir. Onu rayon komsomol komitəsinin katibi seçirlər. Daha bir ildən sonra A.Zamanovu gənclər mətbuatında işə köçürürlər. O dövrün çox populyar qəzetlərindən "Gənc işçi"nin redaktor müavini olur və uzun müddət dövri mətbuatda, mədəniyyət sahəsində çalışır, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsində işləyir.
Ardı...
