ƏDƏBİYYATIMIZIN ZADƏGAN NASİRİ
May ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dövlət mükafatı laureatı, tanınmış ictimai xadim, 3 çağırış Milli Məclisin deputatı seçilmiş Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Fevralın 13-də Prezident İlham Əliyev bu yubileyin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Sənəddə Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarından biri kimi belə xarakterizə olunur: Ögtən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Xalq yazıçısının bir çox əsərlərini oxumuş, pyeslərinin tamaşalarına, ssenari yazdığı filmlərə baxmışam. Adı çəkilən kimi hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmləri yada düşür. Həm bu kinolentlər, həm də “Ondan yaxşı qardaş yox idi” və “Kərgədan buynuzu” əsərləri məndə də güclü təəssürat yaradıb. Elə bilirəm ki, bu povestləri yenicə oxuyub başa vurmuşam. Məşhur “60-cılar” nəslinin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığına xas bütün məziyyətlər bu əsərlərdə toplanıb.
“Yaxşı qardaş” Cəlil milli xarakteri ilə sevilir. O, mühafizəkardır, özünün həyat prinsiplərinə son dərəcə sədaqətlidir. Əsərin ilk səhifələrindən sonunadək öz prinsiplərindən bir addım da kənara çəkilmir, ata-babadan qalma adət-ənənələri özünün həyat tərzi ilə yaşadır. Atalıq etdiyi qardaşı Simurqun davranışları ilə barışa bilmir. Birqatlı deyil, mürəkkəb xarakterli polifonik obraz olan Cəlil hətta çox uğursuz bir talenin daşıyıcısı kimi də sevilir, ölümü ilə oxucunu təsirləndirir, çünki son dərəcə təbiidir. Povestin ruhu adamın canına hopur və son qənaət isə bu olur ki, “Ondan yaxşı qardaş yox idi”.
“Kərgədan buynuzu”nda isə alim qayınatasından buynuzun istifadəsi ilə hazırlanan türkəçarənin insanı cavan saxladığını eşidən və əslində, ölümdən qorxan birinin başına gələnlər haqqında komik, hətta satirik bir hekayət təqdim olunur. Əsərdə ölüm mövzusu fərqli işlənib. Əla yumor və Bakı koloriti ilə zənginləşdirilmiş, ikinci cavanlığı əldə etməyə can atan adam, az qala, insan düşüncələrinə hakim olur.
Ardı...
