Əməkdar jurnalist Zemfira Məhərrəmli - 70

"YARADICILIQ... MÜKALİMƏDİR..."

"Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Ötür durna qatarı", "Qırx qız dastanı", "Bir ömürdə yaşanan üç həyat", "Oyuncaq", "Ömür bitər, yol bitməz"... Bunlar publisist, nasir Zemfira Məhərrəmlinin mənə məlum olan kitablarından bir neçəsidir, onların yalnız adlarının çəkilməsi, görünür, kifayət edir ki, istedadlı, zəhmətkeş xanımın yazıçı-publisist təfəkkürünün maraq dairəsi barədə aydın təsəvvür yaransın. O mənada ki, bu adlardakı ifadə və anlayışlarda döyüş, mübarizə, vətənpərvərlik, həyat, dünyanın, yolun sonsuzluğu (və bunların hamısnın fövqündə bütün zərifliyi, munisliyilə seçilən bir xanımlıq!) var...

"Dan ulduzu", "Həsən bəy Zərdabi", "Qızıl qələm", "Sara xatın", "Qarabağ Ali ədəbi mükafatları"... Bunlar isə Zemfira xanımın jurnalist-publisist fəaliyyətində layiq görüldüyü ödüllərin tam olmayan siyahısıdır, hər birinin arxasında, artıq qeyd etdiyim kimi, istedad, zəhmət və bir də yüksək insanlıq, səmimiyyət, mədəniyyət dayanır. Və bu mükafatların adlarında da milli qürur, heysiyyət, vətəndaşlıq, yaradıcılıq enerjisi var...

Zemfira Məhərrəmlinin müxtəlif mövzulu, məzmun-mündərəcəli, çoxlu və uğurlu yazıları içərisində bir essesi mənim xüsusilə xoşuma gəlir ki, onun adı "Yaradıcılıq ruhun tərcümanıdır". İki-üç səhifəlik bu essenin ən azı üç qnesioloji-üslubi "spektr"i var: publisistiklik, alimlik və yazıçılıq.

Esse belə başlanır: "Yaradıcılıq qələm adamının özünün özüylə mükaliməsi, fikir və duyğularını incələməsidir. Yaradıcılıq sənət adamının ruhunun tərcümanı, qəlbinin əks-sədasıdır..."

Zemfira xanım yazır: "Ruh yüksəkliyi, gözəl əhval, xoş ovqat yaradıcılığa təkan verən amillərdir. Yaradıcı insanın duyğuları, düşüncələri, sevgisi, vətəndaşlığı onun qanı-canı bahasına, min bir əziyyətlə yaratdığı əsərlərindədir. Yazarlar öz qələm nümunələrini yaradıcılıq axtarışları sayəsində araya-ərsəyə gətirir, bu sənət övladlarına gözünün nurunu içirir.

Jurnalistlərin isə daha çox üz tutduğu, ədəbi yaradıcılığın xüsusi növü olan publisistika da həyat həqiqətlərini əks etdirir. Sənədli faktların danılmaz gücünə əsaslanan publisistika oxucunun diqqətini dərhal özünə cəlb edir, ona müəllifin mövqeyində durmağı, onunla həmfikir olmağı təlqin edir.

Bu günümüzün reallığının doğurduğu hadisələrlə, olaylarla həmahəng "hərəkət etmək" mübariz ruhlu publisistikanın ən səciyyəvi cəhətidir və bu xüsusiyyət onu ədəbi janrlar sırasında önə çıxarır"...

Və az qala hər cümləsi sitat gətirilməli, təhlil-şərh edilməli, hətta əzbərlənməli olan esse belə bitir: "Publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Bu janr üçün ən məqbul cəhət cəmiyyətdə gedən proseslərin mahiyyətinin, gerçəkliyin obyektiv surətdə əks etdirilməsidir. Fikrimcə, bu baxımdan həmin janr elmlə yaxındır, obrazlılığı isə publisistikanı incəsənətlə yaxınlaşdırır, çünki onun cəbbəxanasında ədəbi üsullar, təhkiyə və s. mövcuddur.



Ardı...