Dahi bəstəkar Üzeyir Hacıbəyli - 140

Bir millətin ruhunu nota danışdıran adam

Onu anlamaq üçün notları deyil, susqunluqları dinləmək lazımdır. Hər bir səssizlikdə onun xalqı var idi, hər sükutda torpaq, hər pauzada vətən nəfəsi gizlənmişdi. Azərbaycanın ruhunu dünya səhnələrinə çıxarmaq, yalnız sənət deyil, həm də mənəvi bir inqilab idi.

Bir insanın ruhu xalqın yaddaşına çevriləndə o daha insan deyil - o artıq simvoldur, dillərin çata bilmədiyi bir rəmz. Onun musiqisi notlarla deyil, millətin sızısı ilə yazılırdı. Muğamın sinəsində doğulan bir xalq, onu konservatoriyanın divarları ilə tanıdı, amma o divarlar xalqın deyil, xalq onun içindən keçdi.

Dünyanın sivil səhnələrində səslənən hər ariya, onun xəyalındakı Azərbaycan obrazının portretindən bir boya idi. Hər orkestrdə Qarabağın bir çiçəyi, Şuşanın bir dumanı, Xəzərin bir ləpəsi vardı. Təkcə musiqini deyil, kimliyimizi və zamanla azalan yaddaşımızı da nota çevirdi. Hər səhnəyə çıxan əsəri ilə o, Azərbaycanın unudulmazlığını sübut edirdi.

Milli musiqi onun üçün yalnız səslərin və ya janrların məcmusu deyildi. Milli musiqi - xalqın həyatına bükülmüş duadır. Üzeyir bəyin nəzərində musiqi - səssizlərin fəryadı, yazılmamış tarixlərin poetik yaddaşı idi.

Əgər bir xalq öz ruhunu tanımaq istəyirsə, öz musiqisini dinləməlidir. O, musiqi ilə xalq arasında unudulmaz bir körpü tikdi. O körpüdən keçənlər torpağı daha fərqli duydu, dildə daha dərin danışdı, dövlətə daha məsuliyyətlə yanaşdı. Çünki o, musiqini dilin, torpağın, dövlətin, ailənin və şəhidin varisi kimi görürdü.

Azərbaycan onun musiqisində yalnız coğrafiya deyildi. Azərbaycan, bir ritm idi, bir nəfəs idi, bir ana laylası idi. O laylanın içində xalqın keçmişi, ağrısı, müqaviməti və azadlıq əzmi səslənirdi.

Onun operaları dinləniləndə insanlar ağlamırdı - torpaq ağlayırdı. Torpağın illərlə səssiz qaldığı hər bir dərd o əsərlərdə dillənirdi. Hər bir qəhrəman - bir şəhidin ruhu, hər bir ariya - bir ananın fəryadı idi.

"Arşın mal alan", sadəcə, bir komediya deyildi - bu xalqın bazar fəlsəfəsinin, iqtisadi münasibətlərinin, insan sevgisinin və milli qürurunun musiqili konstitusiyası idi. Orada danışanlar yalnız aktyorlar deyildi - orada bir dövr danışırdı, bir xalq özünü tanıtdırmaq istəyirdi.

Musiqidə təvazökarlıqla üsyanı birləşdirən Üzeyir bəyin içində daim bir əxlaq dərsi vardı. Hər simfoniyasında xalqın etikası, xalqın duruşu, xalqın ağrısı və xalqın sükutu yer alırdı.

Xalq çalğı alətlərini simfonik orkestrə daxil etməklə o, öz folklorunu dünyəvi dillə danışdırdı. Bu, sadəcə texniki bir uğur deyildi - bu, mədəni müqavimətin ən yüksək səviyyəsiydi.

O bilirdi ki, muğamı notla öyrətmək olmaz. Muğam xalqın gözü kimi, ruhu kimi, çörəyi kimi öyrədilməlidir. Ona görə də tədrisə musiqidən əvvəl mənəviyyatı gətirdi. Hər müəllimə yalnız çalğı yox, ruhun dinamikasını öyrətdi.



Ardı...