C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı “Mədəniyyətlərin müasir dünyaya inteqrasiyası” adlı konfransda iştirak etmişdir

29 fevral 2024-cü il tarixində Ankara şəhərində Türk Dünyası Mədəniyyət və Sənət Mərkəzi tərəfindən “Mədəniyyətlərin müasir dünyaya inteqrasiyası” adlı konfrans keçirilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Lamiə Sarıyeva konfransda “Bakı şəhərinin tarixinin mənbəşünaslığı” adlı məqalə ilə iştirak edib. Konfrans birinci mərhələ əyani, ikinci mərhələ onlayn olmaqla iki mərhələdən  ibarət olmuşdur. Hər iki mərhələdə iştirak edən Lamiə Sarıyeva Türk Dünyası Mədəniyyət və Sənət Mərkəzi tərəfindən Sertifikat ilə təltif edilib. Lamiə Sarıyevanın məqaləsi “Modern dünyada kültürlərin entegrasyonu uluslararası sempozyumu” kitabında və TÜRKSAN saytında https://turk-san.com/konfranslar/telebe-magistr-konfrans/197-nternatonal-scentfc-symposum-ntegraton-of-cultures-n-the-modern-world-proceedngs-book-29022024.html yerləşdirilib.

 

-----------***-----------***-----------***-----------***-----------***-----------***-----------

 

Gənclər Kitabxanasının əməkdaşı Sertifikat ilə təltif edilib

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfrans keçirilib. Konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi, ali məktəbin müəllim və tələbə heyəti iştirak edib. 

Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin magistrı Lamiə Sarıyeva “Bakı şəhərinin tarixinə dair sənəd axını” mövzusunda təqdimat ilə çıxış edib. Məruzəçi təqdimatında paytaxt Bakının qədim tarixini, özəlliklərini özündə əks etdirən “Azərbaycanın Milli Ensiklopediyası”, “Bakının memarlıq ensiklopediyası” kimi ensiklopedik nəşrlər, “Bakı şəhərinin tarixi”, “Bakı tarixin səhifələrində”, “Bakı 1501” kimi kitablar, dövrü mətbuat nümunələri, elektron baza və Xalq yazıçısı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında lentə alınan “Gün keçdi” filmi haqqında məlumat verib. Tədbirin sonunda Lamiə Sarıyeva Respublika elmi konfransında uğurlu iştirakına görə Sertifikat ilə təltif edilib.

 

-----------***-----------***-----------***-----------***-----------***-----------***-----------

 

Bir qrup mədəniyyət xadimlərinə və nümayəndələrinə dövlət təltifləri təqdim olundu

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup incəsənət nümayəndəsi fəxri ad, orden və medallara layiq görülüb.

17 oktyabr 2022-ci il tarixində  Azərbaycan Milli İncəsənət Muzeyində dövlət təltiflərinin sahiblərinə təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov tədbirin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirilməsinin ikiqat bayram ovqatı yaratdığını dedi, bu münasibətlə təbriklərini çatdırdı.

Nazir bildirdi ki, ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahəyə məxsusi diqqət göstərən, incəsənət xadimlərinin əməyini qiymətləndirən ulu öndər Heydər Əliyevin bu siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün ölkəmizin mədəniyyət həyatında böyük yeniliklər baş verir, bu sahənin inkişafı üçün mühüm işlər görülür. İncəsənət sahəsində fəaliyyət göstərən insanlar da öz üzərinə düşən işi daha məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. Hazırda Azərbaycan tarixi haqsızlığı bərpa edib. 44 günlük müharibə və  qələbəmiz bir daha onu göstərdi ki, yaradıcı mədəniyyət dağıdıcı qüvvəyə qalib gəldi. İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri görülür, bir sıra mədəniyyət abidələri bərpa olunur. Biz uzun illərdən sonra mədəniyyətin Qarabağa qayıdışının şahidi oluruq. Müstəqilliyimizin möhkəmləndirilməsində mədəniyyətin böyük rolu var”.

Nazir diqqətə çatdırdı ki, mədəniyyət üçün xidmət edən, onun inkişafı yolunda zəhmət çəkən hər kəs, həm də bu sahənin əsgərləridir. Ordumuz sərhədlərimizi qoruduğu kimi, mədəni təhlükəsizliyimizi də məhz mədəniyyət sahəsində xidmət edən şəxslər qoruyur. Ermənilərin Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkədir. Bu gerçəklikləri nəzərə alan mədəniyyət işçiləri bundan sonra da əzmlə çalışacaqlar. Bu yolda hər birinizə uğurlar arzulayıram”.  

Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə mükafatlandırılanlara təltiflərin nişan və vəsiqələri təqdim olundu.

Təltif olunanlardan Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (“Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”), Xalq artisti, bəstəkar Eldar Mansurov (“Şöhrət” ordeni), Əməkdar rəssam Rəşad Ələkbərov, Əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yaradıcılıqlarına göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. Bildirildi ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə qayğısı və dünyada təbliği yolunda göstərdikləri xidmətlər əvəzsizdir. Yaradıcı insanlar, bəstəkarlar, yazıçılar, rəssamlar bundan sonra da vətənpərvərlik ruhlu əsərlərin meydana gəlməsi, bu hisslərin gənc nəslə aşılanması yolunda istedad və bacarıqlarını əsirgəməyəcəklər.

Sonda xatirə şəkilləri çəkdirildi.

 

-----------***-----------***-----------***-----------***-----------***-----------***-----------

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibəti ilə kitabxana əməkdaşlarının mükafatlandırılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 04 dekabr tarixli 771 nömrəli Sərəncamı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, baş kitabxanaçılar Sənübər Həsənova və Mədinə Əliyeva “Tərəqqi” medalı ilə təltif olundular.

Dekabrın ayının 21-də Azərbaycan Milli İncəsənət Muzeyində prezidentin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında əsaslı təmir və yenidənqurmadan sonra bu binada ilk tədbirin keçirildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeydə yaradılan şəraitlə tanış olmuş, görülən işlərdən razı qalmış və yüksək qiymətləndirmişlər.

Çıxış edənlər göstərilən etimada, qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevə öz minnətdarlıqlarını bildirib bundan sonra da layiqincə mədəniyyətimizin inkişafına, xalqımıza, vətənimizə xidmət edəcəklərini bildirdilər.

Təltif olunanların, həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, baş kitabxanaçılar Sənubər Həsənova və Mədinə Əliyevanın mükafatlarını cənab nazir Əbülfəz Qarayev təqdim etdi və ölkəmizin mədəniyyət sahəsinin tərəqqisində, inkişafında hamıya uğurlar arzuladı.

Bundan əlavə kitabxananın beş nəfər əməkdaşı - Şəfiyeva Səadət, Məmmədova Xəyalə, Məlikova Rəvanə, Hüseynova Aygün, Əkbərova Mənsumə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, dörd nəfər Bilik Fondunun, dörd nəfər Yunis Əmrə İnstitutunun, on yeddi nəfər Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanları ilə mükafatlandırıldılar.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()