Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, yazıçı, publisist, tərcüməçi, tədqiqatçı, jurnalist Elşad Qoca, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, tarixi romanlar müəllifi Yunus Oğuz, BDU-nun Hüquq fakültəsinin müəllimi Tamella Çələbiyeva, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Qalib Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri, şair, yazıçı Sayman Aruz, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, kitabxana əməkdaşları və başqaları iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, Heydər Əliyevin Vətəni üçün, xalqı üçün doğuldugunu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdığını, müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldığını söylədi. Bu səbəbdən də, xalqın öz sədaqətli, dahi övladına məhəbbətinin sonsuz və əbədi olduğunu, Ümummilli Liderin əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən biri olduğunu, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaltdığını bildirdi. “Ona görə də, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.” – deyə söylədi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin direktoru Elimira Ələkbərova Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, müdrik, uzaqgörən siyasətindən, həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikanın bütün sahələrində aparılan mühüm struktur dəyişikliklərindən, böyük islahatlardan, Heydər Əliyev dühasına nəinki ölkəmizdə, beynəlxalq miqyasda verilən diqqətdən danışaraq, Ulu Öndərin öz təcrübəsi, rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söylədi.
Azərbaycanın bu gün hərtərəfli və dinamik inkişaf yolunda olduğunu və müstəqil ölkəmizin bugünki uğurlarının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Elmira xanım Ələkbərova İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin nəfis tərtibatda çap etdirdiyi Ulu Öndərin çoxşaxəli, zəngin fəaliyyətinə həsr edilən sənədlər toplusundan ibarət 10 cildlik kitabı və “Heydər Əliyev və neft strategiyası” kitabları haqqında məlumat verərək onları kitabxanaya hədiyyə etdi.
Yazıçı, publisist, uzun illər Dövlət Təhlükəsizlik Xidmətində çalışmış Elşad Qoca Heydər Əliyevin nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etdiyini və dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı olduğunu bildirdi. Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı ilə seçildiyini, ölkəsini, xalqını ürəkdən sevən və ona fədakarlıqla xidmət etdiyini və dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr verdiyini söylədi.
Yazıçı Yunus Oğuz öz çıxışında tarixi aspektlərə önəm verərək, Heydər Əliyev siyasətinin yüzilliklərlə davam edən əsarətə son qoyduğunu, milli qardaş qırğınının qarşısını aldığını, Azərbaycanı müstəqil, suveren beynəlxalq aləmdə tanınan və nüfuza sahib olan bir dövlətə çevirdiyini bildirdi.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun görkəmli nümayəndələrinə olan xüsusi maraq və sevgisindən danışaraq, gənclik illərində ədəbiyyata həsr edilən müxtəlif tədbirlərdə Ulu Öndərin çıxışlarının şahidi olduğunu, ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyevin onların yaradıcılığına yaxından bələd olduğunu və bu insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirdi.
Şair, yazıçı Sayman Aruz ideya müəllifi və aparıcısı olduğu “Körpü” verilişinin beş buraxılışının Ulu Öndərə həsr edildiyini böyük qurur hissi ilə dilə gətirdi. O, Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoyduğunu və onun azərbaycançılıq ideologiyasının təkcə Azərbaycan ərazisini deyil, bütün dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən məfkurə olduğunu söylədi.
Hüquq fakültəsinin müəllimi Tamella Çələbiyeva, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Qalib Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili misilsiz şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyasını çıxışlarda əhatə etməyin olduqca çətin olduğunu, Ümummilli Liderin Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, bütün sahələrinə qayğı ilə yanaşan dahi şəxsiyyət, Azərbaycanın xilaskarı olduğunu bildirdilər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində hazırladığı “Quruculuq salnaməsi. Başlanğıc” adlı geniş videomaterial nümayiş etdirildi.
Tədbirin sonunda kitabxananın direktoru Aslan Cəfərov müəllifi olduğu “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinə hədiyyə etdi.