150 illik çətin yolda maarifin məşəli, azad fikrin carçısı
Azərbaycan mətbuatı millətin oyanışına, formalaşmasına və öz kimliyini dərk etməsinə yol açan mühüm ictimai institutlardan olmuşdur. Onun 150 illiyi həm də mübarizənin, fədakarlığın, ziyalılığın və milli oyanışın tarixidir. Bu yol zaman-zaman siyasi təzyiqlərlə, senzura ilə sürgün və təqiblərlə müşayiət olunsa da, mətbuat öz amalından, missiyasından - xalqı oyatmaq, maarifləndirmək kimi müqəddəs məqsədindən heç vaxt dönməmişdir.
Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə qoyulmuşdur. "Əkinçi"nin ömrü qısa olsa, təsiri isə uzunmüddətli və əvəzsiz oldu. Bu qəzetin timsalında mətbuatın əsas vəzifəsi maarifçilik, cəhalətə qarşı mübarizə, millətin dirçəlişinə xidmət olaraq müəyyənləşdi.
XX əsrin əvvəllərində isə Azərbaycan mətbuatı daha parlaq mərhələyə qədəm qoydu. 1906-cı ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunmağa başlayan "Molla Nəsrəddin" jurnalı cəhalətin, məmur özbaşınalığının, qadın hüquqsuzluğunun və dini fanatizmin sərt və bəzən amansız tənqidinə başladı. Jurnal təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində maarifçilik hərəkatının alovlanmasına səbəb oldu. Rəsm, karikatura, satira və qısa ədəbi parodiyalarla silahlanmış "Molla Nəsrəddin" oxucunu həm güldürür, həm də düşündürürdü.
Milləti oyanışa səsləyən belə jurnallardan biri də "Babayi-Əmir" (1915-1916) idi. Satirik jurnalın müəllifləri sırasında dövrün tanınmış ədibləri Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Əli Nəzmi, Əlabbas Müznib olmuşdur. Əsas məqsədləri cəmiyyətin sosial ədalətsizlik, mövhumat və cahilliyə qarşı mübarizəsini gücləndirmək olan müəlliflər əsərlərini xalqın anlayacağı dildə yazaraq, oxucuya çatdırmışlar. "Molla Nəsrəddin" jurnalının ənənələrini və ideya xəttini uğurla davam etdirən və bu il 110 yaşı qeyd edilən "Babayi-Əmir" satirik jurnalının müasir Azərbaycan əlifbasına çevrilməsi ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmiş, jurnal "Dirilik" nəşriyyatı "Babayi-Əmir" adı ilə iki cilddə nəşr edilmişdir. Hər iki cild Ön söz, Oxucuların diqqətinə, Nömrələr, İzahlar, Qeydlər və Lüğət hissələrindən ibarətdir. Ön sözün müəllifi ADA Universitetinin rektoru Hafiz Paşayevdir. Burada "Babayi-Əmir"in tarixi, müəllifləri və jurnalda bəhs edilən mövzular haqqında məlumat verilir. Bildirilir ki, jurnalın oxuculara əlçatan olması üçün Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində ADA Universiteti tərəfindən transliterasiya edilib.
Oxucuların diqqətinə hissəsinin müəllifi, transliterasiya edən, lüğət, qeyd və izahların tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevadır. Bu hissədə qeyd olunur ki, jurnalın tam orijinallığını qorumaq və transliterasiyanın əsas qaydalarına riayət etməklə yanaşı, bəzi hallarda müasir oxucunun imkanları nəzərə alınaraq mətnin asanlıqla anlaşılması üçün "Balqan", "qlub", "Niqolay", kimi sözlərdə "q" samiti "k", bəzi sözlərdə isə "d" samiti "t" ilə əvəzlənərək müasir dilimizə uyğunlaşdırılmışdır. Eyni zamanda, bu hissədə ərəbcə və farsça olan parçaların dəqiqləşdirmələri "İzahlar" hissəsində, "Qeydlər" bölməsində isə mətnlərdə adı keçən şəxslər, məkanlar və s. haqqında məlumat verilir. Kitabın "Nömrələr" hissəsində I cilddə (324 səhifə) 31, II cilddə (320 səhifə) 34 nömrənin transliterasiyası yer alır. I cilddəki nömrələr 1915, II cilddəki nömrələr isə 1916-cı illəri əhatə edir.
ÇAŞIOĞLU Eİ-MMC mətbəəsində çap edilən kitabın elmi redaktoru filologiya elmləri doktoru Vüqar Qaradağlı, bədii redaktoru Fikrət Məlikovdur.
Kitabda yer alan jurnalın "Şapalaq", "Kötək", "Şillə" kimi rubrikaları onun satirik ruhunu və dövrün absurdluğuna qarşı yönəlmiş ironiyasını aydın şəkildə ortaya qoyur. Hər rubrikada müxtəlif imzalarla yazan müəlliflər sosial haqsızlıqları ifşa etməklə, həm də cəmiyyətin maariflənməsinə çağırış edirdilər. "Qozqurab bəy", "Müftəxor əyyar", "Qəyur əyyar", "Dəli", "Qonaqçı" kimi xalq arasında məşhur olan ifadələrdən istifadə tənqidin daha asan qavranmasını təmin edirdi. Jurnalda yer alan "Mollanın naxələfi milləti bədbəxt qılar, elm dərk eyləməyə əhlinə fürsət olmaz" kimi fikirlər birbaşa dini xurafatı və geriliyi hədəfə alırdı. Bu kimi çağırışlar xalqı düşünməyə, elmə və məntiqə yönəltməyə xidmət edirdi. "Kəmşüur əyyar" imzası ilə yazılmış "Qızıma" şeirində atanın qızına verdiyi "nəsihətlər" əslində geridə qalmış, qadını evə və avamlığa məhkum edən dünyagörüşün parodiyası idi: "Fikrini vermə nə elməvü nə irfanə, qızım! Çoxdur elmin zərəri din ilə imanə, qızım!". Bu misralar satirik dillə yazılsa da, müəllifin əsl məqsədi qızların oxumasını, maariflənməsini, elmə sahib olmasını təşviq etmək idi. Bunu birbaşa demək senzura səbəbindən mümkün olmasa da, yumorun arxasında gizlədilən mesaj oxucuya çatdırılırdı.
Jurnalın "Qatmaqarışıq xəbərlər" rubrikasında Bakıdan tutmuş Həmədana qədər müxtəlif bölgələrə aid xəbərlər yer alırdı. "Bakı - Əhvalat az bəd deyil. Hər kəs öz işini bilir" və ya "Həmədan - Xor-xor qəlyanlar xoruldamaqda davam edir" kimi qeydlər bir cümlə ilə bütöv ictimai panoramı təqdimetmə gücünə malik idi.
Jurnalın 1915-ci il 18 noyabr tarixli nömrəsinin senzura səbəbilə boş çıxması, məhz o dövr üçün söz azadlığı uğrunda səssiz, lakin kəskin etiraz, susdurulmuş jurnalistlərin fəryadı, senzura sisteminə qarşı dirəniş idi. Jurnalın 23-cü nömrəsində Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə "Açıq söz" qəzetinin nəşrə başlayacağı haqqında verilən məlumat isə mətbuat tarixində yeni bir səhifənin başlanğıcından xəbər verirdi.
Kitabın II cildini əhatə edən 1916-cı il nömrələri ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyindən karikaturalarsız nəşr edilmişdi. Satirik jurnal üçün bu real itkini ifadə edirdi. 1916-cı il yanvarın 29-da dərc edilən nömrədə "Teatro və musiqi" rubrikasında Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" operettası haqqında yazı yer alır. Yazıda teatr salonunun tam dolu olması xüsusi vurğulanır. Bu isə dövrün mədəni həyatının canlılığını, xalqın teatr və sənətə olan marağını göstərən önəmli detal idi.
Jurnalın 1 iyul 1916-cı il nömrəsində "Babayi-Əmirin agentstvası" rubrikasında yer alan xəbərdə bildirilir ki, xalq Mirzə Ələkbər Sabirin vəfatının 4-cü ildönümü münasibətilə Şirvanda onun qəbrinin üzərinə büst qoydurmaq təşəbbüsü göstərmişdir. Bu hadisə xalqın böyük satirikə olan dərin hörmətini və Sabirin ideyalarının yaddaşlarda yaşadığını nümayiş etdirir.
Daha bir maarifpərvər jurnal isə uşaqları təhsilə, elmə səsləyən "Məktəb" idi. "Məktəb" jurnalı maarifçilik hərəkatı dövrünün önəmli mətbu orqanlarından biri olaraq, 1911-1920-ci illərdə Bakıda əski əlifba ilə çap edilmişdir. Jurnalın nömrələri "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun "Əski Azərbaycan əlifbası" kursunun müdavimləri tərəfindən transliterasiya edilmişdir. Kitab bu il TEAS Press Nəşriyyat Evində, 112 səhifədən ibarət olaraq "Məktəb" Jurnalından Seçmələr adı ilə çap edilib. Layihə rəhbəri və Ön söz müəllifi "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevadır.
Kitabda M.Seyidəliyevin "Məktəb məhəbbəti" adlı hekayə maarifçilik missiyasının bariz nümunəsidir. Əsərdə fəhlə ailəsindən çıxan Aslan adlı uşağın elmə, təhsilə olan sonsuz sevgisi, çətinliklərə baxmayaraq, öz gücü ilə oxumağa çalışmasından bəhs olunur. Bu hekayə o dövrdə savadsızlıq içində boğulan xalq üçün bir ümid çırağı idi. 1912-ci ilin fevralında Rza Zaki imzası ilə dərc edilən "Xədicənin həmiyyəti (qeyrəti)" adlı hekayə isə maarifçilik hərəkatında qızların yerini ön plana çıxarır. Hekayədə balaca Xədicənin dərslərindəki müvəffəqiyyəti və eyni zamanda yoxsul insanlara yardım etməsi mənəvi tərbiyə və sosial məsuliyyət hissini vurğulayır. Rəşid bəy Əfəndiyevin 1913-cü ilin martında yazdığı "Qızlarımıza nəsihət" adlı şeir isə həm forma, həm də məzmun baxımından müasirlik və cəsarət daşıyır. O, dini savadsızlıqla qarışdıran, qadınları elm və təhsildən uzaq tutan düşüncəyə qarşı çıxır və açıq şəkildə bildirir:
"Cəhli caiz görür də, elmi haraç,
Bunu qanmaz ki, hər qədəmdə bu din,
Eyləyir elmi ümmətə təlqin,
Müslimin elmi olsa, badindir,
Elmsiz hər xüsusda bidindir!"
Azərbaycan mətbuatı yaranışından bəri öz xalqını mədəni cəhalətdən xilas etməyi, təhsillə, əxlaqla, vicdanla silahlandırmağı qarşısına məqsəd qoymuşdur. Bu gün həmin hekayələr, şeirlər, maarifçi yazılar yenidən nəşr olunur, oxunur, müzakirə edilir.
İllər öncə mətbuat səhifələrində işıq üzü görən bu yazılar tarixin bir parçası, ictimai dərslik kimi dəyərləndirilir. 150 illik Azərbaycan milli mətbuatı xəbər daşıyıcısı, həm də xalqın maarifçisi, vicdanının səsi, tərəqqi yolunun işığıdır.
Ləman TƏHMƏZ,
"Respublika" qəzeti.