2 aprel Beynəlxalq Uşaq Kitab günü münasibəti ilə görüş
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu 176 saylı orta məktəbdə 2 aprel 2019-cu il tarixdə Beynəlxalq Uşaq Kitab günü münasibəti ilə görüş keçirdi.
Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 1953-cü ildən etibarən məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin doğum gününün “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd edilməsində əsas məqsədin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltmək olduğunu dedi. X. Musayeva Azərbaycan uşaq şair və yazıçıları, onların əsərləri haqqında məlumat verəndən sonra şagirdlərin ədəbiyyata olan tələb və maraqları ətrafında müzakirə apardı.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Səadət Şəfiyeva kitabxananın kitab fondundakı Azərbaycan, rus və digər xarici dillərdə olan uşaq ədəbiyyatlarının məzmun və ideyası haqqında çıxışından sonra biblioqrafik siyahını oxudu.
Şöbə müdiri Qənirə Mustafayeva şagirdlərə biblioqrafik siyahıda göstərilən ədəbiyyatları mütaliə etmək, yalnız oxumaqla savadlanmaq, dünyagörüşü artırmağın mümkünlüyünü dedi.
Məktəbin kitabxana müdiri Kəmalə Məmmədova şagirdlərin mütaliəyə geniş yer vermələrindən, nəinki Azərbaycan, həmçinin, dünya ədəbiyyatına da müraciət etmələrindən, oxu mədəniyyətlərindən danışdı.
Məktəbin kitabxanaçısı Vüsalə Yusubova Azərbaycan şair və yazıçılarından Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Süleyman Sani Axundov, Abbas Səhhətin uşaqlar üçün nəsr və nəzm nümunələrinə şagirdlərin yüksək maraq göstərdiklərini dedi.
Şagirdlər Azərbaycan şair və yazıçılarının uşaqlar üçün yazdıqları əsərlərdən başqa Hans Xristian Andersen, Ceyms Fenimor Kuper, Mark Tvenin də əsərlərini mütaliə etmələri, bu əsərlər əsasında çəkilən bədii film və cizgi filmlərinə böyük maraq göstərmələri ətrafında çıxışlar etdilər.
Tədbirin sonunda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən məktəb kitabxanasına Nizami Gəncəvinin “Leyli və Məcnun”, Tofiq Bayramın “Azərbaycanım”, beşinci sinif şagirdi Rauf Məmmədliyə isə ən fəal iştirakına görə Scott Foresmanın ingilis dilində “Reading” kitabları hədiyyə verildi.
Tədbir Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrinə baxışla sona çatdı.













