26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qazi Abbas Qasımov ilə görüş təşkil olundu.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, politoloq Elşad Həsənov, Əməkdar jurnalist, “Əziz Şuşa biz qayıtmışıq” filminin ssenari müəllifi və redaktoru Rasim İsmayılov, Bakı Media Mərkəzinin rejissoru Cavidan Şərifov, Mədəniyyət kanalının “Ədəbi dram verilişləri” baş redaksiyasının baş redaktorunun müavini Təranə Bakirqızı, teleaparıcı, jurnalist Fəxriyyə İsayeva, “Altus” MMC-nin direktoru Eldar Rzayev və başqaları iştirak etdilər.
Tədbirin əvvəlində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin əziz xatirəsi və dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan direktor Aslan Cəfərov bu gün Azərbaycanın qüdrətli və nizamlı orduya malik olmasının ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olmasından, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olmasından danışdı. O, Azərbaycanın igid əsgəri, qazi Abbas Qasımov haqqında məlumat verərək, onun Fizuli, Cəbrayıl, Xocavənd, Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etməsindən və medal ilə təltif olunmasından danışdı.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli Ali Baş Komandan, cənab prezident İlham Əliyevin uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz, igid, cəsur Azərbaycan oğullarının 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməsindən və bununla Azərbaycanın tarixinə şanlı Zəfər qələbəsini yazmalarından danışdı. Bu gün Azərbaycanın milli-mənəvi irsinin təbliği sayəsində Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin əvəzsiz fəaliyyətindən söhbət açdı.
Politoloq, polkovnik Elşad Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olduğunu, ordumuzun yaradılması prosesinin əslində ölkəmizin müstəqillik tarixinin bir parçası olduğunu qeyd etdi. Bir vaxtlar pərakəndəlikdən, intizamsızlıqdan əziyyət çəkən ordumuzun bugünki uğurlarından danışdı.
“Əziz Şuşa biz qayıtmışıq” filminin ssenari müəllifi və redaktoru Rasim İsmayılov qazi Abbas Qasımovun simasında bizə Zəfər tarixini yaşadan hər bir igid Azərbaycan oğlunun əvəzsiz xidmətlər göstərməsindən, müharibənin acı nəticələrini bu gün də öz qəlbində, taleyində yaşayan Azərbaycan qadınlarının mərdliyindən, qürurundan danışdı. Bir xalqın nümayəndəsi kimi igid Azərbaycan oğullarının qanı, canı bahasında qazanılan qələbənin təbliğində, işıqlandırılmasında hər bir kəsin məsuliyyətli olduğunu bildirdi.
Bakı Media Mərkəzinin rejissoru Cavidan Şərifov “Əziz Şuşa biz qayıtmışıq” filminin ərsəyə gəlməsindən, ssenari üzərində gedən işlərdən, bu cür şərəfli qələbənin müəllifləri olan igid əsgərlər ilə ünsiyyətindən söhbət açdı. Dəqiq faktlara, canlı xatirələrə əsaslanan “Əziz Şuşa biz qayıtmışıq” filminin baxış zamanı hər bir azərbaycanlının qəlbini sevinc və qürur hissi ilə fəth edəcəyinə əmin olduğunu dilə gətirdi.
Mədəniyyət kanalının “Ədəbi dram verilişləri” baş redaksiyasının baş redaktorunun müavini Təranə Bakirqızı çıxışına “Bizim ordumuz tarixinə görə qədimdir, zəfərinə görə isə gəncdir” kəlimələri ilə başladı. Bu günki qazilərin müharibə iştirakçılarının zəfər tarixinin səsi və nəfəsi olduğunu söylədi.
Teleaparıcı, jurnalist Fəxriyyə İsayeva öz çıxışında Azərbaycanın bütövlüyü uğrunda canını feda etmiş, şəhid olmuş qəhrəman Zahid Bayramov haqqında məlumat verdi, Zahid Bayramovun atası – Səməd Saranlının qəhrəmanın anasına müraciət edərək qələmə aldığı şeiri səsləndirdi, müəllifin kitabını kitabxanaya hədiyyə etdi.
Qazi Abbas Qasımov tədbirin təşkilinə görə kitabxanaya təşəkkürünü bildirdi. Qazi döyüş xatirələri, onunla bir yerdə döyüşən və şəhid olan silahdaşlarından – Cəfərzadə Ruslan, Cabbarzadə Cavid, Həşimov Rüstəmin və başqalarının adını çəkdi. Bu zəfərin Ali Baş Komandan cənab prezident İlham Əliyevin müdrik siyasəti, igid Azərbaycan oğullarının şücayəti, əzmkarlığı, qələbə inamı və bütün xalqın birliyi sayəsində qazanıldığını bildirdi.
Tədbirdə Abbas Qasımovun anası, “Altus” MMC-nin direktoru Eldar Rzayev və başqaları çıxış etdilər.
Tədbir iştirakçıları kitabxana əməkdaşları tərəfindən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq hazırlanan videomateriallara da baxdılar.
Sonda direktor Aslan Cəfərov qazi Abbas Qasımova kitabxana tərəfindən hədiyyə təqdim etdi, xatirə şəkli çəkildi...