27 Sentyabr Anım Günü
27 sentyabr 2022-ci il tarixində Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Musayeva Xalidə, şöbə müdirləri Məmmədova Tamella, Şəfiyeva Səadət, Həsənova Günay və başqaları çıxış etdilər.
Kitabxananın direktoru Aslan Cəfərov öz çıxışında 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsinin müasir dövlətçilik tariximizin ən qürurlu və fəxarətli günləri olduğunu söylədi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən hərbi əməliyyatlarda Böyük Sərkərdə, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın əzm və iradə, birlik və həmrəyliyi sayəsində düşmənə sarsıdıcı zərbələr endirildiyini və bununla da, tariximizə yeni bir səhifənin yazıldığını, şəhidlərimizin qisasının alındığını vurğuladı. Vətən müharibəsində şanlı ordumuzun 2907 nəfər əsgər və zabitin şəhid olduğunu, min nəfərdən artıq hərbi qulluqçunun qazi adını qazandığını söylədi. O, şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını söylədi.
Tədbirdə kitabxananın əməkdaşları tərəfindən hazırlanan, Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr edilmiş videomateriala, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” adlı metodiki vəsaitə, “Sənə qələbə yaraşır Azərbaycan əsgəri”adlı virtual və “27 sentyabr – zəfərə gedən yol” adlı ənənəvi sərgiyə baxış keçirildi.