31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım, qanlı tarix” mövzusunda dəyirmi masa

29 mart, 2019
Paylaş:

31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım, qanlı tarix” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 29 mart 2019-cu il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım, qanlı tarix” mövzusunda dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın suverenliyi uğrunda şəhid olanların və soyqırım qurbanlarının əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasını XX əsr tarixinin ən faciəli, ən dəhşətli səhifələrindən biri kimi qiymətləndirdi və 31 mart soyqırımının on iki minə yaxın azərbaycanlının qətlə yetirilməsi, on minlərlə insanın itkin düşməsi ilə nəticələndiyini faktını söylədi. Həmçinin, bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 26 mart 1998-ci il, 690 nömrəli Fərmanı ilə 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı günü” elan etmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Nəbiyeva 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım həqiqətləri haqqında məlumat verdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Cəlil Mustafa mart hadisələri zamanı ermənilərin törətdikləri cinayətlərin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunması, minlərlə dinc əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edilməsi, kəndlərin yandırılması, milli mədəniyyət abidələrinin, ziyarətgahların dağıdılması faktları əsasında çıxış etdi.

Kitabxananın şöbə müdiri Günay Həsənova çıxışında bildirdı ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qırğın aktının reallaşması ilə nəticələnmişdir. Erməni vəhşilikləri xalqımızın tarixinin qanla yazılmış səhifəsi olsa da Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

Baş biblioqraf Sevda Rəhimova 31 mart soyqırımına həsr olunmuş kitabxananın kitab fondunda olan Azərbaycan və rus dillərində ədəbiyyatların ətraflı şəkildə biblioqrafik xülasəsini verdi.

Tədbirdə həmçinin, 31 mart soyqırımını əks etdirən video-çarx nümayiş olundu.

Tədbirin sonunda “31 mart soyqırım həqiqətləri” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()