31 mart Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “Soyqırım həqiqətləri” mövzusunda tədbir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 mart 2018-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “Soyqırım həqiqətləri” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı günü” elan edilmişdir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları azərbaycanlıların soyqırımını Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə qeyd etdi ki, 1918-ci il soyqırımı zamanı ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edərək yüzlərlə yaşayış məntəqəsinin dağıdılıb yerlə yeksan edilməsinə, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə səbəb olmuşdur.
Şair Oqtay Rza 31 mart soyqırımının tarixindən faktlarla danışıb bildirdi ki, ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. Oqtay Rza çıxışını soyqırımına həsr etdiyi şerlərlə bitirdi.
Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva 31 mart hadisələrinin birbaşa Stepan Şaumyanın adı, alçaq fəaliyyəti ilə bağlı olduğunu bir daha bildirdi. Tarixin bütün faktları, həqiqətləri üzə çıxardığını, soyqırımın əsl səbəbkarlarının kim olduqlarını söylədi.
Yazıçı-publisist Şahlar Baba 1918-ci il soyqırımının görünməmiş vəhşilikləri ilə özlərindən sonra müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” olduğunu dedi. Yaşlıların, qadınların, uşaqların ən ağır, ən dəhşətli işkəncələrlə qətlə yetirilməsini, diri-diri divarlara mıxlanmasını, hətta dərilərinin soyulmasını ürək ağrısı ilə qeyd etdi.
Tədbir boyu “31 mart soyqırımından 100 il keçir” adlı sənədli film nümayiş edildi.
Tədbirdə həmçinin, “Dünya ana və uşaq” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Gənclərin mənəvi inkişafı” ictimai birliyinin sədri Ramiq Vəliyev, “Düşünən insan” jurnalının əməkdaşı Nəzakət Bədirova, “Sosial rifah və tədqiqatlar” ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov, Xocalının keçmiş polis rəisi Sabir Məmmədov, “Jurnalistlər ekstremal şəraitdə” ictimai birliyinin sədri Firuzə Əsədullayeva, “Uluslararası əlillər, ahıllar və kimsəsizlər” federasiyasının Azərbaycan üzrə dəhbəri Raifə Sərxanqızı da iştirak edirdilər.
Tədbirin sonunda “31 mart soyqırımı” adlı kitab sərgisinə baxış keçirildi





