31 Mart Soyqırımı

30 mart, 2023
Paylaş:

31 Mart Soyqırımı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə kitabxananın kollektivi ilə yanaşı, Bakı Dövlət Universitetinin tələbələri, gənc oxucular da iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş 31 Mart Soyqırımdan 105 il ötdüyünü və bu günün tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyərək, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından danışdı. Mart soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1998-ci il martın 26-da ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq, həmin gündən 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırdı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın haqq səsinin, ona qarşı əsrlərlə törədilən amansız, ağlasığmaz, bütün beynəlxalq hüquq və normalara zidd olan vandallıq aktlarının, soyqırım və faciələrin  dünya ictimaiyyətinə çatdırması istiqamətində aparılan tədbirlərdən danışaraq, bu uğurlu, müdrik siyasətin hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu bildirdi.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Nəzərova Nigar Mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu söyləyərək, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanların da soyqırıma məruz qaldığını, qətlə yetirildiyini, diri-diri yandırıldığını, Bakının böyük bir hissəsinin xüsusi amansızlıqla viran edildiyini bildirdi. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulduğunu söylədi.

BDU-nun tələbəsi Qürbətov Kamil öz çıxışında Azərbaycanlıların soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla icra olunduğu,  minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyi, milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscidlərin, tarixi abidələrin dağıdılması və bununla da həmin ərazilərə nə qədər böyük maddi və mənəvi zərbə vurulması  haqqında danışdı.

BDU-nun tələbəsi Usublu Bətul 31 Mart hadisələrinin bir sıra tarixi sənədlərdə və tarixi şəxsiyyətlərin xatirələrində yer alması haqqında danışaraq, bu mənbələrə əsasən,  bu gün bizim Mart Soyqırımının necə geniş əraziləri əhatə etməsi, itkilərimizin sayı haqqında fikir yürüdə bildiyimizi söylədi.  

Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən 31 Mart Soyqırımına həsr edilmiş videomaterial, metodiki vəsait, biblioqrafik siyahı və ənənəvi sərgi haqqında məlumat verərək, bu materialların hər birində ağlasığmaz qəddarlığı ilə seçilən bu soyqırım haqqında məlumatların, tarixi faktların, statistik rəqəmlərin, kitab və dövrü mətbuat nümunələrinin yer aldığını bildirdi.

 Tədbirin sonunda 31 Mart Soyqırımına həsr edilmiş videoçarx nümayiş olundu, ənənəvi sərgiyə və kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitlərə baxış keçirildi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()