89 N-li məktəbin şagirdləri Gənclər Kitabxanasında
23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Günü ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova kitabxanaya gələn məktəbliləri salamlayaraq, kitabxananın, mütaliənin insan həyatında, onun savadlı, geniş dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, məktəbliləri kiçik yaşlarından kitabxanalara abunə olmağa və asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.
Kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, fondunda olan uşaq ədəbiyyatı, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxanın rəsmi saytı haqqında məlumat verdilər, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər. Məktəblilər kitabxanın Musiqi bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri, Brayl əlifbası ilə olan “Qurani - kərim” kitabı haqqında məlumat aldılar. Şagirdlər “Qədim diyar Naxçıvan - 100”, “Tarixi qələbə, Zəfər günü”, “Vətən şəhidləri” və “İslam dünyasının Mədəniyyət Paytaxtı - Şuşa” adlı sərgilər ilə tanış oldular.
Ekskursiyanın sonunda Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbin kitabxana müdiri Pərvanə Əliyeva və kitabxanaçı Natəvan Əliyeva kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.



















