Abbas Mirzə Şərifzadə
"Ümumiyyətlə, mən teatr, kino, səhnə, sənətdən başqa bir şey bilmirəm, vəssalam!". Bu, doğum günündə həbs edilən, səbəbsiz yerə güllələnən, ölümü ailəsindən gizlədilən, Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru Abbas Mirzə Şərifzadənin son sözləri idi. Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilən Şərifzadəni yaddaşlardan silməyə çalışanlar təəssüf ki, bir şeyi unudublar. Unudublar ki, xalqını və vətənini bütün varlığı ilə sevən əsl sənət fədailəri heç vaxt yaddaşlardan silinmir...
Aktyor Şamaxıda doğulub. İki yaşında ikən Şamaxıda baş verən dəhşətli zəlzələ səbəbindən ailəsi Bakıya köçmək məcburiyyətində qalıb. Atası Mirzə Rəsul (Əbdürrəsul) Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub. İlk təhsili evdə atasından alan Abbas Mirzə rus-türk (rus-tatar) məktəbinə daxil olub. Üç il burada oxuduqdan sonra üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul edilib. Ancaq uşaqlıqda tutulduğu xəstəlik təhsilini davam etdirməyə imkan verməyib.
Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olur. O zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rollar həvalə edirdi. İlk dəfə əmisi ona "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu tapşırır. Özü isə Şümür rolunda çıxış edir. Tamaşanın ən qızğın çağında Şümür əlində qılınc əsir qızcığazın üstünə yeriyir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxır. İlk rolda "ayağı daşa dəyən" balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlir.
O, Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Tamaşa Cəfər Cabbarlının tərcüməsi əsasında səhnələşdirilib. Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona "Oqtay Eloğlu" əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.
Aktyor iki dəfə ailə qurub. Birinci evliliyi Hənifə Akçurina ilə olub. Bu evlilikdən onların iki oğlu dünyaya gəlib. Abbas Mirzənin ikinci evliliyi isə aktrisa Mərziyyə Davudova ilə baş tutub. Cütlüyün bu nikahdan Firəngiz adlı qızları doğulub.
Sənətkarın faciəvi həyatı olub. Şəxsiyyətə pərəstiş dövrünün repressiyaları onun da taleyindən yan keçməyib. O "xalq düşməni" damğası ilə həbs olunub. Repressiyanın qurbanı olan sənətkarın güllələnmə ili və günü uzun illər dəqiq bilinməyib.
Adının çəkilməsi uzun müddət hər yerdə qadağan olunub. Oynadığı bir çox rolların, çəkdiyi neçə-neçə filmin lentləri də qorunub saxlanılmayıb. Hətta adı filmlərin titrlərindən çıxarılıb. Uzun müddət ailəsi onun necə öldüyünü bilməyib. Belə ki, sonralar sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da casusluq fəaliyyətinə görə güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.