Al Paçino
Milyonların qəlbini fəth edən Hollivud aktyoru, rejissoru, ssenaristi Al Paçino... Daha çox "Xaç atası" və "Qadın ətri" filmlərindəki rolları ilə məhşurlaşan italyanəslilli aktyor Nyu-Yorkda dünyaya göz açıb. Onun əsl adı Alfredo Ceymc Paçino olub.
Al Paçinonun babası və nənəsi Amerikaya Sicilyanın Korleon şəhərindən gəliblər. Paçinonun 2 yaşı olanda ataları onları atıb. Onun aktyorluq istedadı hələ uşaq vaxtlarından özünü göstərib. Kiçik yaşlarında peşəkar beysbolçu olmaq istəyən Al Paçino kino aləminə qədəm qoyduqdan sonra demək olar ki, bütün mükafatları əldə edib. Məktəb illərində müxtəlif teatr səhnələrində çıxış etdiyi üçün "aktyor" ləqəbi alıb. Al Paçinonun həyatını teatra birdəfəlik bağlmasına səbəb isə Çexovun "Çayka" əsəri əsasında hazırlanan tamaşa olub. Sənət yolunda bir çox əziyyətlərə qatlaşan aktyor bəzən işsiz qalıb, gecəni teatrda və ya dostlarının evlərində, hətta küçələrdə keçirib. Özünü dolandırmaq üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Bundan əlavə, aktyorluq fəaliyyətinə başlamazdan əvvəl italyan restoranlarının birində aşpaz da işləyib. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürüb.
Aktyorun 21 yaşı olanda avtomobilindən silah tapıldığına görə onu həbs edirlər. Qara maska və silahla sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. Lakin sonradan məlum olur ki, o hansısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş. Zərərli vərdişlər ailənin yeganə övladı Al Paçinodan da yan keçməyib. Deyilənə görə, alkoqol asılılığı olan aktyor gündə 4 qutu siqaret çəkirmiş. Sonralar səs tellərini qorumaq üçün bu vərdişini tərgidib. Alkoqol aludəçiliyi onun kino karyerasına da təsirsiz ötüşməyib. Hətta bu səbəbdən kariyerasında dördillik boşluq yaranıb. Ona uğuru və məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. Maykl Korleonenin rolunu canlandıran aktyor kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib. Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino heç vaxt evli olmayıb. O bu barədə belə deyib: "Atam 5 dəfə evlənsə də, mən bir dəfə də olsun evlənmədim. Bu isə o deməkdir ki, biz öz vərdişlərimizin quluyuq". Lakin bu o demək deyil ki, Al Paçinonun həyatında qadın olmayıb. O aktrisa Dayan Kiton, Cill Kleyberq, Penelopoy Enn Millerlə sevgi həyatı yaşayıb. Rəsmi nikaha girməsə də, 3 övladı dünyaya gəlib. Onlardan birinə sevimli yazıçısı Anton Çexovun şərəfinə Anton adı verib.
Aktyorun ən çox xoşladığı yemək ətli spagettidir. Teatrda çıxış etməzdən öncə gəzintiyə çıxmaq, çəkiliş meydançasında olan bütün insanlaırn əlini sıxmaq Paçinonun vacib ritualları arasındadır. Sənət camiəsində çoxları onu "magiya" adlandırıblar.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.