21 aprel, 2025
Paylaş:

Aleksandr Demyanenko

Çoxları onu məşhur sovet filmi "Qafqaz əsiri"ndəki "Şurik" rolu ilə xatırlayır. Bəlkə də Azərbaycan tamaşaçısının bəzisi onun heç adını bilmir. Eynəyi, məsum və sadəlövh siması, zamanın nəbzinə uyğun intellekti ilə yaddaşlarda qalan bu sarışın oğlanın digər ekran obrazlarını da elə "Şurik"in xətrinə izləyib, yenidən sevənlər çoxdur. Bəli, söhbət "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki "Şurik" obrazını canlandıran aktyor, RSFSR-in Xalq artisti Aleksandr Demyanenkodan gedir...

Sverdlovskda dünyaya gələn aktyorun atası Sergey Demyanenko Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Vaxtilə ən yaxşı teatrlarda işləyib, konservatoriyada aktyorluqdan dərs deyib. Ömrünün sonuna kimi kütləvi səhnələrə çıxıb.

Aleksandr dünyaya gələndən sonra o, ailəsini atıb, bir neçə dəfə evlənib. Buna baxmayaraq, o həmişə atasının yanında olub, onunla bərabər tamaşalara gedib. Mədəniyyət evinin nəzdində teatr dərnəyinə yazılıb, musiqi təhsili də alıb. Fortepianoda ifa etməyi bacaran aktyorun bariton səsi olub.

Orta məktəbi bitirən Aleksandr teatr müsabiqəsində iştirak edir, amma həyəcanlandığı üçün uğur qazana bilmir. Qəzəbindən sənədlərini Sverdlovsk Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Yarım il oxuduqdan sonra anlayır ki, bu fakültə ona görə deyil. Növbəti il Moskvaya yollanıb Kinematoqrafiya İnstitutuna qəbul olunur.

Yaxşı oxusa da, dərsə davamiyyəti bərbad idi. Amma ona hər şeyi bağışlayırdılar, çünki kurs rəhbəri Raevski onu çox sevir, istedadına güvənirdi. İkinci kursda "Külək" filmində Mitya roluna dəvət aldıqdan sonra ard-arda oynadığı rollar sayəsində artıq onu tanıyırdılar, mağazalarda şəkilləri həkk olunmuş açıqcalar satılırdı. Bəlkə də sovet kinorejissoru Leonid İoviç Qaydayla rastlaşmasaydı, taleyi tamam başqa cür olacaqdı. Əslində əsmər olan Demyanenkonu rola görə sarışın etmişdilər. Obrazın adını da dəyişib "Şurik" qoymuşdular. "I əməliyyatı və Şurikin başqa macəraları" belə yaranmışdı...

İlk xanımı ilə hələ pionerlər evində tanış olub evlənmişdi. 16 il sonra onu başqasına dəyişmiş, lap atası kimi, evdən çamadan dolu paltarını götürüb çıxmışdı. İkinci xanımı rejissor assistenti idi, dublyajda tanış olmuşdular. Lyudmila Akimova xatırlayır ki, onlar birlikdə olduqları müddətdə heç vaxt bir-birindən inciməyiblər, sözləri çəp gəlməyib: "Qastrollardan qayıdanda bunu birlikdə bayram edərdik ki, nə yaxşı bir yerdəyik". Aleksandrın özünün övladı olmayıb. İkinci arvadının qızına övlad münasibəti bəsləyib. Ciddi, xeyirxah, humanist insan olan "Şurik" klassik musiqini, bir də rekviyem dinləməyi sevərmiş. Deyilənə görə, bir dəfə qastrol vaxtı imkanlı insanlar ona maşın bağışlamaq istəyiblər, lakin o bundan imtina edib.

Təsadüfi görüşlərdən qaçarmış, lətifə danışmağı heç sevmirmiş. Hətta dostu Nikulinin "Ağ popuqay" komediya verilişinə dəvətdən də boyun qaçırıb. "Şurik" obrazı kimi erudisiyalı insan olduğu üçün ciddi, intellektual verilişlərdə iştirak etməyi daha çox xoşlayırmış. Heç kim heç vaxt bilməyib ki, onun ürəyində problem var. Yalnız göz əməliyyatı keçiribmiş. Çünki gözlərinin tor qişasında ciddi problemlər olub. Bir müddətdən sonra sinəsindəki ağrılardan bezib həkimə müraciət edəndə məlum olub ki, ikinci infarkt ərəfəsindədir. Həkimlər havalar isti olduğu üçün şuntlama əməliyyatını payıza saxlasalar da "Şurik" avqust ayında dünyasını dəyişib. Sonuncu müsahibəsində özü belə deyib: "60 yaşım var, hələ də Şurikəm. Cavanlıqda bu məni əsəbiləşdirirdi, amma indi düşünürəm ki, məni belə tanımaq insanların üzünə təbəssüm gətirirsə qoy olsun...".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()