10 iyul, 2023
Paylaş:

Aleksandr Qreham Bell

Bütün dünya onu telefon ixtiraçısı kimi tanıyır. Müxtəlif şəhər, ölkələr, hətta indi dünyanın Şimal və Cənub yarımkürələrində olan insanlar onun yaratdığı bu qurğu ilə bir-biri ilə əlaqə saxlayır. Söhbət Aleksandr Qreham Belldən gedir...

Şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan Aleksandr Qreham Bell Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olub. Professor Aleksandr Melvil Bell və Eliza Greysin ailəsində anadan olan Bellin iki qardaşı var idi. Onlar vərəm xəstəliyindən vəfat ediblər. Bellin anası oğlu 12 yaşında olarkən tədricən eşitmə qabiliyyətini itirib. O, oğlunu erkən yaşlarından musiqiyə, poeziyaya və incəsənətə ruhlandırırdı. Bell olduqca istedadlı idi. O, heç bir musiqi təhsili almadan pianoda çox gözəl ifa edirdi.

İxtiraçının bir çox yaxınları, o cümlədən atası, babası, əmiləri gözəl natiq olublar. 13 yaşında Edinburqda məktəbi bitirən gələcək ixtiraçı artıq 16 yaşında nitqdən dərs deməyə başlayır. Lakin o, öz gözəl səsindən natiqlik üçün istifadə etməmək, bu səsini müəyyən qurğularla çox uzaqda olan digər insanlara ötürmək üçün istifadə etmək qərarına gəlir.

Ailəsi ilə birlikdə Kanadaya gələn gənc Bellin ilk ixtirası elektrik fortepianosu idi. Bunun vasitəsilə musiqini simlərlə ötürmək mümkün olur. Daha sonra isə Bell nitqin yazılması və ötürülməsi üçün lazım olan teleqraf aparatının patent hüququnu əldə edir. Faktiki olaraq, burada söhbət elə məhz telefondan gedirdi. Səslər elektrik dalğaları ilə ötürülürdü.

Bellin atası və babası demək olar ki, bütün ömürlərini karların eşitməsələr belə, danışa bilmələri üçün yollar axtarmağa sərf edib. Bell atasının ölümündən sonra onun yolunu davam etdirib və ilk olaraq Bostondakı kar və lallar məktəbində işləməyə başlayıb.

Anasının karlığından dərin təsirlənən Bell bu səbəblə işarət dilini öyrənib və beləliklə də anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə anasına izah etməyə başlayıb. Deyilənə görə, ixtiraçı gündə cəmi 2-3 saat yatırmış. O, bu vəziyyəti "Beynim çox qarışıqdır. Ağlıma bir fikir gələrsə, yadımdan çıxar deyə qorxuram", - deyə açıqlayırmış.

75 yaşında şəkərli diabet səbəbindən dünyadan köçən Bell Baddek şəhəri yaxınlığında dəfn edilib. Hətta onun vəfatı günü dünyanın bütün telefonları xatirəsini anmaq üçün bir dəqiqəlik söndürülüb...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()