Aleksandr Sergeyeviç Puşkin
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin xaraktercə çox çılğın və emosional bir insan olub. Təsadüfi deyil ki, onun həyatı bir çox hadisələrlə zəngindir. Məhəbbət və mübarizə bu hadisələrin əsas qaynağı idi. Puşkin rəsmlərdə qara, qıvrım gur saçlarla təsvir olunsa da, əslində o, həmişə gursaçlı olmayıb. Çünki keçirdiyi ağır xəstəlikdən sonra 19 yaşlı Puşkinin başı keçəl qırxılır. Və o bir müddət parik geyməli olur. O keçəlliyindən nəinki utanmır, hətta bir dəfə Bolşoy teatrda tamaşa zamanı parikini çıxarıb səs-küy salaraq tamaşaçıları güldürübmüş. Ömrünün sonlarında isə şairin başı əməlli-başlı dazlaşmağa başlamış, əvvəlki gur saçlarından heç bir əlamət qalmamışdı. Cəmi 166 santimetr boyu olmasına baxmayaraq, şair gözəl qamətə sahib idi və bu, ona düzgün geyinməklə boy qüsurunu gizlətməyə imkan verirdi. Tərəf müqabili ilə birgə iştirak etməli olduğu ballar və ictimai tədbirlər zamanı Puşkin həyat yoldaşı Natalya Qonçarovadan uzaq durmağa çalışsa da, onların boy fərqi bilinirdi. Lakin buna baxmayaraq, Puşkin qadınlar tərəfindən həmişə sevilib.
Hələ uşaqlıqdan yaramaz və fitnəkar olan Puşkin zarafatları çox sevirmiş. Onun zarafatları bəzən təhlükə də doğurub. Belə ki, hələ 4 yaşında etdiyi bir zarafat nəticəsində az qala imperator atı onu tapdalayacaqmış. Zaman keçsə də, Puşkinin bu xarakteri dəyişmədi. O, həmişə qarışıq oyunları və zarafatları sevirdi. Rus poeziyasının dahisi qumar oyunlarının, xüsusən də kart oyunlarının aludəçisi idi. Puşkin kart masasında həmişə şanslı olmayıb, buna görə də qısa ömrünün çox hissəsini maddi ehtiyac içində yaşayıb. Ölümündən sonra Puşkinin qalan borclarını imperator I Nikolay ödəyibmiş.
Puşkin tarixdə daha çox duellərilə məşhurlaşıb. Çox gözəl qılınc oynatmaqla bərabər, o tapançadan da əla atəş açardı. Gəzinti zamanı həmişə özü ilə ağır bir ağac parçası götürər və onunla qılıncoynatma məşqi edərmiş. 21 dəfə duelə çıxan şairin onlardan 15-nin təşəbbüsçüsü özü olmuşdu. Bu duellərdən yalnız 4-ü baş tutsa da, qalanları dostlarının səyi nəticəsində barışla yekunlaşmışdı. O, hətta dostu və əmisini də duelə çağırmışdı. Puşkinin son dueli isə xanımına gözü düşən Jorj Danteslə olur. Və bu dueldən sonra şair həyatla vidalaşır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.