19 may, 2025
Paylaş:

Aleksey Batalov

Sovet dönəmində minlərlə qadının idealı olan, daha çox "Durnalar uçur" və "Moskva göz yaşlarına inanmır" filmlərindəki rolları ilə yaddaqalan, Anna Axmatovanın pulu ilə özünə maşın alan məşhur rus aktyoru Aleksey Batalov...

Aleksey kinorejissor Vladimir Batalov və teatr aktrisası Nina Olışevskayanın ailəsində dünyaya gəlib. Mənşəcə yarı rus, yarı polyak olan gələcək aktyor 5 yaşından atasından ayrı böyüyüb. Belə ki, anası atasından ayrılaraq yazıçı Viktor Ardovla ailə həyatı qurub. Onlar Moskvada yaşamağa başlayıblar. Qonşuları məşhur yazıçılar, şairlər idi: Mixail Bulqakov, Dmitriy Furmanov, Mandelştam. Ailələrinə tez-tez qonaq gələn isə anasının rəfiqəsi, məşhur şairə Anna Axmatova olub. Aleksey də uşaqlıqdan onunla dostlaşıb, həyatda çox şeyləri ondan öyrənib, sevincini və kədərini onunla bölüşüb. Anna Axmatovanı o qədər çox istəyib ki, hətta böyüyəndə onun portretini də çəkib. Anna Axmatova Moskvaya gələndə onlarda qalırdı. Batalov xatırlayır ki, o, Bədaye teatr truppasında aktyor kimi işləyəndə, ancaq bir qiyafəti vardı: əsgər qalifesi və çəkməsi. Təmizliyə qarşı çox həssas olan Axmatova Alekseyin üst-başını təzələmək üçün aldığı bütün qonorarı ona verir. Aleksey isə alış-veriş etdiyi dükanın yanında köhnə "Moskviç"i görəndə düşünmədən onu alır. Avtomobillərə həddindən çox həvəsi olan Batalov günahkarca Axmatovaya baxaraq: "Anna Andreyevna mən maşın aldım, həyətdə pəncərənin altındadır" deyir. Axmatova gülümsəyərək cavab verir: "Məncə bu, əladır".

Aktyor hələ çox gənc ikən tanınmış rəssam-karikaturaçı Konstantin Rotovun qızı İrinayla evlənir. Qısa müddət sonra qızları Nadya doğulur. Ailə zahirən xoşbəxt görünsə də, tez-tez mübahisələri düşür. Çünki Alekseyin vaxtının çoxu Leninqradda çəkilişlərdə keçirdi. Məşhurlaşdıqca pərəstişkarları çoxalır, fanatları hər yerdə onu təqib edirdi. Bu isə arvadı İrinanın xoşuna gəlmir, onu qısqanır, emosiyalarını idarə edə bilmirdi. Bir neçə il sonra cütlük ayrılır.

Çox keçmir ki, iyirmi altı yaşlı Aleksey Leninqradda "Rumyantsevin işi" filminin çəkilişlərində olanda qaraçı sirkinin rəqqasəsi Gitana Leontenko ilə rastlaşır. Özündən 12 yaş kiçik olan uzun saçlı, qaynar baxışlı, sirli təbəssümlü qaraçı qızına vurulur. Amma Gitananın ailəsi izdivaca qarşı idi. Çünki onlar Gitananın, ancaq qaraçıya ərə getməsini arzulayırdılar. Ona görə sevgililər doqquz il gizli görüşmüşdülər, hətta qaraçılar Alekseyi hədələmişdilər də. Nəhayət, Gitananın təkidi qarşısında ailəsi təslim olur və onlar evlənirlər. Bu izdivacdan cütlüyün Mariya adlı qız övladı dünyaya gəlir. Uşaq doğulanda həkimlər onun serebral iflic olduğunu bildirirlər. Gənc ailə bu xəbərdən o qədər sarsılır ki, uşağı doğum evində qoymaq istəyir. Amma özlərini ələ alır, bütün sevgi və diqqətlərini Mariyaya yönəldirlər. Həmin illərdə Batalov ard-arda filmlərə çəkilirdi. Gitana isə karyerasının pik nöqtəsində qızına görə sirkdən gedir. Mariya uzun illər müalicə alsa da faydası olmur.

Batalovun ən məşhur rollarından biri Vladimir Menşovun çəkdiyi "Moskva göz yaşlarına inanmır" filmindəki çilingər Qoşa roludur. "Ən yaxşı xarici film" nominasiyasında "Oskar" və SSRİ Dövlət mükafatlarına layiq görülən bu filmə Amerika prezidenti Ronald Reyqan 8 dəfədən çox baxmışdı. O, Mixail Qorbaçovla görüşündən əvvəl bu ekran əsərinə baxmaqla sirli rus qəlbini öyrənməyə çalışmışdı.

Aktyor 88 yaşında Moskva xəstəxanalarının birində vəfat edib. Deyilənə görə, ayağı sındığı üçün müalicə alan Batalov bu dünyadan yuxuda ikən köçüb...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()