Alfred Cozef Hiçkok
"Mən öz filmlərimə baxmaqdan qorxuram. Ona görə də onlara baxmıram. İnsanların mənim filmlərimə baxmağa necə cəsarət etdiyini anlamıram...". Belə deyərdi Britaniya və Amerikanın məşhur kinorejissoru, qorxu ustası Alfred Hiçkok.
Triller janrının mahir ustası filmləri qədər özü də fərqli idi. Bir çox fobiyaları olan bu rejissor ömrü boyu əsgər və polislərdən çox qorxduğunu etiraf edirdi. Yumurta və buna bənzər ovalvari predmetləri gördükdə rejissorun əhvalı dəyişirdi. Hiçkok, əslində bunun səbəbini uşaqlıq illərində başına gələn bir hadisə ilə əlaqələndirirdi...
Hekayə əslində belə cərəyan etmişdi: Bir gün kiçik yaşlı Hiçkok ailəsinə xəbər vermədən avtobusla London turuna çıxıb evə qayıdır. Qapıda Hiçkoku qarşılayan atası heç nə demir, ancaq ona bir zərf verib, onu məhəllənin polis bölməsinə aparmasını deyir. Polis idarəsinə gedib zərfi verir. Qeyddə atası onlardan oğlunu bir müddət kameraya atmalarını istəyib. Qısa müddətə kamerada qapalı qalan Hiçkoka polis: "biz dəcəl uşaqlara belə edirik"-deyib.
Məşhur rejissor çox güclü yaddaşa malik idi: o, Nyu-Yorkun bütün küçələrini, oradakı yerlərin adlarını və telefon kitabçasındakı nömrələri asanlıqla əzbərləyirdi.
Rejissorun qəribə özünü sakitləşdirmə metodu var idi. Onun filmlərindəki bəzi aktyorlar Hiçkokun çay içdikdən sonra fincanını çiyninə atdığını deyirdilər. Bu, onun, əslində dincəlmə üsulu idi, çünki qəzəbini oyunçulardan çıxarmaq istəmirdi.
Qeyri-adi, özünəməxsus yumor hissinə malik rejissor, bir dəfə “39 addım” filminin çəkilişi zamanı açarın itdiyini bəhanə edərək qəhrəmanları bütün günü qandallarla gəzməyə məhkum edibmiş. Başqa bir zaman isə o, yazıçı Dafna du Moryenin ərini maskarada dəvət edir. Digər qonaqlara isə rəsmi tədbir olacağını deyir. Yazıçının əri ziyafətə türk sultanı geyimində gəlir.
Hətta onun bütün gecə operatorunu kameraya zəncirləməsi və bu olaydan əvvəl gizlicə qəhvəsinə işlətmə dərmanı qarışdırması, qızını maşının içərisində kilidləyib saatlarla təpədə qoyub getməsi ilə bağlı ittihamlar Hollivudu çaşbaş salmışdı.
Uşaqlıq illərində yaşadığı olay rejissorun beynində elə bir dərin iz buraxmışdı ki, filmlərinin əksəriyyəti bəlkə də, bu səbəbdən ədalətsiz ittihamlar üzərində qurulurdu. "Zoluşkanı çəksəm, insanlar maşında cəsəd axtararlar!"-deyərdi. Filmlərindəki təqib, əsassız günahlandırma, ədalətsiz ittihamlara görə təlaşa düşən qəhrəmanlarının qorxulu əhvalatları məhz onun uşaqlıq travmalarından qaynaqlanırdı. Hətta uzun illər sonra Hiçkok məzar daşına "Biz yaramaz uşaqlara belə edirik" yazılmasını xahiş etmişdi. Amma 80 yaşında böyrək çatışmazlığından vəfat edən qocanın bu vəsiyyəti qəbri olmadığı üçün yerinə yetirilmədi. Buna səbəb rejissorun cəsədinin yandırılması və külünün Sakit okeana atılması idi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.