05 fevral, 2025
Paylaş:

Ali konstitusion niyyətlərin realizəsi ili

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi ali konstitusion niyyətlərin realizəsi fonunda çoxəsrlik dövlətçilik ənənələrimizin təntənəsi, müstəqilliyimizin, suverenliyimizin, güc və imkanlarımızın inikasıdır. Sənəddə də deyildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq Azərbaycan xalqının əsrlər boyu əsas arzusu və ali məqsədi olmuşdur. Lakin əlverişli coğrafi mövqeyimizin və zəngin təbii sərvətlərimizin cəlbediciliyi tarixin müxtəlif dövrlərində yad güclərin diqqətini regionumuza yönəltmiş, çoxsaylı işğal və təcavüz aktlarına məruz qalan xalqımız öz ali niyyətlərini realizə edərək dayanıqlı müstəqilliyə, möhkəm suverenliyə nail ola bilməmişdir. Amma kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini və mübarizə ruhunu mühafizə edə bilmişdir. Məhz bu mübarizə əzmi XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpasına gətirib çıxarmışdır.

Aydındır ki, real müstəqillik üçün ilk növbədə, hüquqi-siyasi, sosial-iqtisadi bazis formalaşmalıdır. Heç şübhəsiz ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrilməsi, mədəniyyət, incəsənət, ədəbiyyatın intibah dövrünə qədəm qoyması bazis rolunu oynadı. Ulu öndərin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Çünki Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi.

Azərbaycanın müstəqilliyini bərpa etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz SSRİ-nin dağılmasında ehtiva olunan "tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir". 1918-də İrəvan, 1991-1993-cü illərdə bütövlükdə Qarabağ və Şərqi Zəngəzur xəyanətin qurbanı oldu. Bu mənada, birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqın sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz ulu öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçovun "yenidənqurma siyasətinin" elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları ələ keçirməsi isə hərəkatın məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün İttifaq dövlətlərində müstəqilliyə meyilli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq Cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər. Təsəvvür edin, SSRİ məkanında ikinci bir "milli qüvvə" olmayıb ki, hakimiyyət naminə ərazi bütövlüyünü qurban versin, AXC-Müsavat iqtidarı bunu etdi - Şuşa və Laçını satıb iqtidara gəldilər, Kəlbəcəri verib hakimiyyətdə qalmağa çalışdılar, 1993-cü ilin yayında isə Heydər Əliyevdən qisas almaq üçün özlərinə bağlı qüvvələri geri çəkməklə Füzuli, Cəbrayıl, Zəngilanı qumara qoydular. Amma tarix göstərdi ki, belə cılız marionetlərin milli iradə qarşısında şansı ola bilməz. Müdrik xalq "Heydər Əliyev!" dedi və bu, Azərbaycanın qurtuluşu oldu. Çünki əslində Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin əsas məqsədi məhz AXC xuntasından qurtulmaq, Heydər Əliyevə qovuşmaq idi. Ona görə də qurtuluş həm də real müstəqillik tariximizin bağlanğıcıdır.

Ulu öndərin tarixi bir ifadəsi var: "Müstəqilliyi yalnız milli məhdudiyyətdə görən cılız adamlar belə hesab edirlər ki, hər şey elə təkcə Azərbaycan miqyasında olmalıdır". Həqiqətən də Heydər Əliyevə qədər Azərbaycan tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb. Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur və sözün əsl mənasında, müstəqil davranmaq üçün ilk növbədə, müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cümhuriyyətindən də, 1991-1993-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan üçrəngli bayrağı yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Ona görə müasir Azərbaycan quruculuğunun kökündə həqiqətlər dayanmalıdır. Bu xalq üçün var olan, müstəqilliyin təməlində dayanan həqiqət isə Heydər Əliyevdir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında suverenliyin əsas elementlərindən olan yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da 1991-1993-cü illərdə hakimiyyətin suveren məfkurəyə sahib olmaması, hakimiyyəti zəbt etmiş diletantların yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Üstəlik, hakimiyyəti zorla mənimsəməklə xalqa qarşı ən ağır cinayət törətmiş AXC-Müsavat iqtidarı nəinki prosesdə maraqlı olmamış, bütün potensialını Heydər Əliyevlə mübarizəyə, onun 18 il ərzində formalaşdırdığı milli müstəqillik üçün təməl rolu oynayan potensialı dağıtmağa sərf etmişdilər. Nəticədə yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı, o cümlədən ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanının ilk Konstitusiyası qəbul olundu. Konstitusiya Komissiyasının 10 noyabr 1995-ci il tarixli iclasında dahi lider demişdi ki, "Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm".

Konstitusiyanın qəbulundan sonra ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatlar kursuna start verildi. Bu islahatlar isə öz növbəsində dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin realizəsi üçün bazis rolunu oynadı.

Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilərkən ifadə olunan altı ali niyyətdən biri məhz "xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq" formasında təsbit olunmuşdu. Təbii ki, dahi Liderin bu ideyasının Konstitusiyanın preambulasında ehtiva olunması təsadüfi hesab oluna bilməzdi. Məlumdur ki, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Konstitusiyada təsbit olunmuş suveren hüquqların ölkənin bütün ərazilərində tətbiqinə imkan verməmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar olunması ilə nəticələndi. Cənab İlham Əliyevin yaratdığı bu konfiqurasiya isə Azərbaycan Respublikasına imkan yaratmaqdadır ki, ölkəmiz xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirsin. Bu, eyni zamanda ölkəmizin geosiyasi statusuna da təsir etmiş, İsrail kimi qüdrətli dövlətin mövcudiyyətinə baxmayaraq, Yaxın Şərqi qütblərin savaş meydanına çevirə bilənlər Azərbaycan Lideri qarşısında aciz qalmışlar. Məhz cənab İlham Əliyevin sayəsində bu gün bölgəmizdə nə münaqişə var, nə separatizm. Ölkəmiz isə cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, habelə 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi tarixi reallığa verilən ən yüksək qiymət hesab edilməlidir.

                                                                                           Bəhruz Məhərrəmov

                                                                                             “Respublika qəzeti”

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()