20 noyabr, 2023
Paylaş:

Almas İldırım

Azərbaycan poeziyasının görkəmli simalarından olan, özünəməxsus, bənzərsiz poetikliyi və üslub tərzi ilə seçilən Almas İldırım... Repressiyanın güllələnməmiş ən böyük qurbanı, iki dəfə sürgün edilən, yaxın dostları tərəfindən kommunistlərə satılan, əkiz qızlarını bir gündə itirən, qəbri naməlum olan bu şair çox məşəqqətli bir ömür yolu keçib. Həyatının çox hissəsini qürbətdə yaşayan (yaşamaq demək mümkünsə), son nəfəsində də "Azərbaycan" deyə ruhu cismində yanıb tüstü kimi göylərə qalxan şairə bəlkə də  zərər verməklə yaxşılıq etmişdilər. Bəlkə də o mühacir olmasaydı, bu qədər sevilməz, poeziyamıza bu qədər töhfə verə bilməzdi...

Taleyin işinə baxın ki, təlatümlü həyatı kimi onun adı da mübahisə mövzusudur. O qədər didərgin, qaçqın, mühacir həyatı yaşayıb ki, bəlkə də adını dəyişməklə düşməni azdırıbmış. Bəzi mənbələrdəki məlumata görə, şairin əsl adı Zaur olub. Lakin çox yerdə əsl adının Əbdülhəsən olduğu yazılır. Onu babasının adıyla Almas çağırıblar. Türkiyə mənbələrində isə adının İldırım qoyulmasının səbəbi kimi doğulduğu zaman ildırımın çaxması göstərilib.

Almas İldırım Bakının Qala kəndində Hacı Əbdülməhəmməd və Nisə xanımın ailəsində dünyaya göz açıb. Atası ticarət obyektləri olan biznesmen, anası isə evdar qadın olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib. Şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunub.

Daha sonra isə şair ailəsi ilə birgə Türkmənistana sürgün edilmiş, orada isə  əslən Cənubi Azərbaycandan olan Zivər xanımla tanış olmuşdur. Bu tanışlıq vətən həsrəti ilə döyünən iki qəlbi evliliyə qədər aparıb. Bu izdivacdan cütlüyün Azər, Aras, Odkan və Mehmet Bakühan adlı oğlanları dünyaya gəlib. Deyilənlərə görə, şairin əkiz  qızları da doğulub. Şair onların adlarını Eldəgəz və Yurdavar qoyubmuş. Yəni vətəndə gəzərsiniz, yurda gedərsiniz mənasında. Lakin əkizlər ağır xəstəliyə düçar olub, bir gündə doğulduqları kimi, bir gündə də dünyalarını dəyişiblər. Yeri gəlmişkən qeyd edək ki, Almas İldırım bunu "Bir gündə ölən əkizlər" şeirində dilə gətirib.

Tale bundan sonra da şairin üzünə gülməyib. "Həmin dalğa, həmin koordinat". Almas İldırımı sürgün olunduğu Türkmənistanda da rahat qoymayıblar. Yenicə evlənən şair  Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayaları, uca dağları aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatır. Lakin Almas İldırım dərhal həbs olunur, 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində çox dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə tutulur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir.  Burada isə ürəyincə iş tapa bilmədiyi üçün çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif işlərdə çalışır.

Deyilənə görə, şair yaradıcılıqla məşğul olarkən hətta günlərlə otağından çıxmadan ac-susuz işləyib. Təbiətcə isə çox tərs adam olub. Hətta Süleyman Rüstəmlə aralarında kiçik bir mübahisə də yaşanıb. Süleyman Rüstəm Almas İldırıma deyir: "Bir dənə Stalinin bığlarından şeir yazsan ölməzsən ki, mən yazdım ölmədim ki". Almas İldırım isə belə cavab verir: "Ölərəm yazmaram, sən yazırsan yaz".

Sürgün edilən Almas İldırım onu yola salan dostu Mikayıl Müşfiqə belə deyir: "Bunların məqsədi mənə indi aydın olur. Yəqin hər dəfə bir türk məmləkətinə göndərməklə böyük Türküstanı mənə qarış-qarış gəzdirmək istəyirlər". Beləliklə də 24 yaşlı şair Bakı ilə əbədi vidalaşır.

Şair 44 yaşında böyrək çatışmazlığından vəfat edir. Qismətə baxın ki, Bakının Qala kəndində doğulan şair Malatyanın Qala qəsəbəsində dünyadan köçür. Məzarının yeri isə hələ də naməlum olaraq qalır...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()