06 yanvar, 2025
Paylaş:

Andrey Mironov

Dünyadan vaxtsız köçən insanların həyatı sürət qatarına bənzəyir... Hər dayanacaqda dayanmayan, sürətlə, üz tutduğu yolun sonuna tələsən qatara... Sovet aktyoru Andrey Mironovu da taleyi sürət qatarına mindirmişdi elə bil... Nə etmişdisə, sürətlə, daha çox etməyə çalışmışdı... Daha çox film, daha çox obraz və daha tez tanınıb sevilmək... Sovet kinosunun "içərişəhərli Don Juanı", qadınların məftun olduğu bu aktyor Azərbaycan tamaşaçısına ilk növbədə "Brilliant əl" filmindəki şən, fırıldaqçı Qennadi Kozodoyev rolu ilə tanışdır. Bir çox səhnələri Bakıda, daha dəqiq desək, İçərişəhərdə çəkilən bu film aktyorun kayerasının zirvəsi oldu. Lakin bütün ömrü boyu özünə inamsızlıq, ailədaxili problemlər, həyatına son qoyacaq xəstəlik onu bu dünyadan tez apardı...

Andrey, demək olar ki, teatrda dünyaya gəlib, anasının doğuş sancıları səhnədə başlayıb. O, martın 7-də anadan olsa da, valideynləri - estrada artistləri Aleksandr Menaker və Mariya Mironova oğullarının doğum tarixini 8 mart yazdırıblar. Səbəbini isə belə izah ediblər: "Andrey - 8 Mart üçün qadınlara bir hədiyyədir".

Uşaqlıqdan Menaker soyadını daşıyan Andreyə valideynləri 9 yaşında anasının qızlıq soyadını (Mironov) veriblər. Bunun səbəbi həmin illərdə SSRİ-də "həkimlər işi" adlı məhkəmə prosesinin keçirilməsi ilə bağlı idi. Həmin prosesdə milliyətcə yəhudi olan həkim qrupunu sovet partiya xadimlərini, o cümlədən Andey Jdanovu müalicə zamanı qəsdən öldürməkdə ittiham edirdilər. "Həkimlər işi" Sovet İttifaqındakı bütün yəhudilərə "sionist təhlükəsi" kimi baxılmasına və onların vəzifələrindən azad olunmasına səbəb olmuşdu. Andery Mironova gəlincə isə onun atası Aleksandr Menaker milliyətcə yəhudi idi. Övladlarının gələcəyini təhlükəyə atmamaq üçün valideynləri onun soyadını dəyişirlər.

Andrey uşaqlıqdan teatrda böyüyüb, kulisdən səhnədəki valideynlərini izləyirdi. İlk dəfə səhnəyə 5 yaşında olarkən çıxıb. Anası danışır ki, tamaşanın ortasında tamaşaçılardan gurultulu gülüş və alqış sədası yüksəldi: "Dönüb gördüm ki, Andrey düz səhnənin ortasında əlini əlinə vurub gülür. Necə aludə olubsa tamaşaya çıxıb səhnəyə". Andrey evlərinə gələn bütün aktyorları parodiya edərmiş. Hamı anlayırmış ki, bu uşaq aktyor olacaq. Uşaqlığı qayğısız keçib, futbol oynayar, döş nişanlarının kolleksiyasını toplayar, çoxlu filmə baxardı. Həm də məktəbdə avtoritet sayılırdı.

Aktyorun şəxsi həyatına gəlincə isə o qadınlar arasında həmişə populyar olub. Xanımların çoxu onun dərdindən dəli-divanə imiş. Deyilənə görə, Mironovun özü də az aşın duzu deyilmiş. Eşq əhli olan aktyoru məhz bu səbəbdən bəzi həmkarları "sovet səhnəsinin Don Juanı" adlandırıblar. Onun ilk sevgisi sinif yoldaşı Qalina Dıxoviçnaya olub. Onlar 10-cu sinifdə oxuyan zaman artıq evlənmək barədə düşünsələr də, sonradan münasibətləri pozulur. Andrey teatr institutunda oxuyanda öz kurs yoldaşı Viktoriya Lepkoya vurulur. Lakin hisslərinə qarşılıq ala bilmir. "3+2" filminin çəkilişləri zamanı isə o Natalya Fateyevaya aşiq olur. Gənc aktrisa evlilik təklifinə razılıq versə də, Mironovun anası Mariya onların münasibətlərini pozur.

Aktyor iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı "Baharın on yeddi anı" filmində Keti obrazını canlandıran Yekatrina Qradova olub. Bu izdivacdan bir qızları dünyaya gəlib. Cəmi üç il sürən bu evlilik Mironovun xəyanəti ucbatından dağılıb. Boşandıqdan cəmi 1 il sonra isə o 37 yaşlı Larisa Qolubkina ilə evlənib. Qolubkinanın ilk nikahdan olan qızını Mironov övladlığa götürür. Son gününə qədər aktyor Qolubkina ilə evli olur. Lakin xəyanətlərindən də geri qalmayan Andrey Mironov Svetlana Svetliçnaya, Maya Plisetskya, Yekaterina Vasilyeva, Natalya Zaşipina və s. xanımlarla qısamüddətli sevgi macəraları yaşayır.

Ömrünün son illərində daha çox teatr qastrollarında çıxışlar edən Andrey Mironov ölümünü də səhnədə qarşılayır. Belə ki, Riqada qastrol səfərində olarkən sonuncu səhnəni oynayan zaman qəfildən huşunu itirir. Dərhal yerli xəstəxanalardan birinə çatdırılan aktyorun beyninə qan sızdığı müəyyən olunur. İki gün həkimlər onun ürəkdöyünmə funksiyalarını bərpa etməyə çalışsalar da, əfsanəvi aktyor 46 yaşında dünyasını dəyişir. Daha doğrusu, onu zorla "yaşadan" aparatdan ayırmağa qərar verilir...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()