Anri Matis
Fransız rəssamı, heykəltaraş, fovizm hərəkatının lideri Anri Matis... "Şlyapalı qadın", "Rəqs", "Qollarını qaldıran nökər" kimi məşhur əsərləri ilə yaddaşlarda qalan bu rəssamın özü də qeyd eləmişdi ki, rəsmlərini, sənətini özündən də çox sevir. Həyatı boyu depressiya içində yaşayan rəssamda şəkil çəkməmişdən qabaq kimisə boğmaq kimi dəli bir istək yaranırmış...
Şimali Fransada dünyaya göz açan Matisin atası həvəskar rəssam, anası isə taxıl ticarətçisi idi. Orta təbəqənin oğlu olan Matis uşaq ikən rəsmə maraq göstərməyinə baxmayaraq, ilk təhsilini atasının arzusu ilə Parisdə hüquq fakültəsində almışdır. Uğurla keçən təhsil illərindən sonra Sent Kventində bir vəkilin yanında köməkçi işləməyə başlamış, eyni zamanda rəssamlıq kurslarını da davam etmişdir.
Gənc yaşlarında keçirdiyi korbağırsaq (apendisit) əməliyyatından sonra o, rəsm çəkə bilmədiyi üçün uzun müddət yataqda qalaraq ruh düşkünlüyü yaşayıb. Həyatını rəsm çəkmək üzərində quran Matisin böyük arzusu xəstə yatağından qalxmaq və yenidən rəsmlə məşğul olmaq idi. Məhz elə bu səbəbdən sonralar rəssam vəkillik karyerasına son verərək tamamilə rəsmə yönəlmişdir.
Dörd il müddətində Ameli Parayre adlı qadınla qeyri-rəsmi yaşayan rəssamın bir qızı dünyaya gəldikdən sonra nəhayət, övladının anası ilə evlənməyə qərar vermişdir.
Depressiya və yuxusuzluqdan əziyyət çəkən Anri Matis bəzən yuxuda hönkürüb ağlayaraq öz səsinə ayılırdı. Belə bir ərəfədə onda heç bir səbəb olmadan kor qalmaq qorxusu yaranırdı. Bu səbəbdən də o, əgər bir gün gözləri tutularsa, küçədə musiqi ifa etməklə pul qazana bilsin deyə hətta skripkada ifa etməyi də öyrənmişdi.
Uzun müddət ürək-damar xəstəliklərindən əziyyət çəkən rəssam 85 yaşında infarktdan dünyasını dəyişmişdir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.