Arif Məlikov
Sovet marşalına "qatilsən" deyən, birinci katibi kabinetində söyən, deputatlıqdan imtina etməsi üçün bıçaqlanan böyük bəstəkar, Xalq artisti Arif Məlikov...
Arif Cahangir oğlu Məlikov Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqda tarda o qədər yaxşı ifa edib ki, on beş yaşı olanda Asəf Zeynallı adına musiqi məktəbinə dəvət olunub. Məktəbi başa vurduqdan sonra Şuşaya müəllim işləməyə yollanıb. Fortepianoda ifa etməyi də öyrənən bəstəkar, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Qara Qarayevin bəstəkarlıq sinfində oxuyub. Uzun illər müəllimi Qara Qarayevin dəstəyini üzərində hiss edən bəstəkar onu belə xatırlayır: "Həyatda çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir".
Bəstəkar türk şairi və dramaturqu Nazim Hikmətlə dost olub. İllər bu dostluğu ata-oğul münasibətinə qədər gətirib çıxarıb. Şair Bakıya gələrkən "öncə oğlumun yanına getməliyəm" deyərmiş. Təsadüfi deyil ki, ona dünya şöhrəti qazandıran "Məhəbbət əfsanəsi" baletinin müəllifi də Nazim Hikmətdir. Bəstə üçün Arif Məlikov nəzərdə tutulanda Nazim Hikmət onunla zarafat edir: "Sənin içində eşq varmı?" Arif Məlikov gülümsəyir və onun hazırladığı balet Nazim Hikməti heyrətə gətirir.
Professor İhsan Doğramacı Arif Məlikovdan bir simfoniya yazmasını xahiş edir. Arif Məlikov onun xahişini yerinə yetirəcəyini bildirir. Lakin ardınca əlavə edir: "Təəssüf ki, Türkiyədə mənim yazacağım simfoniyanın təqdim oluna biləcəyi səhnə yoxdur". İhsan Doğramacı onun yazacağı simfoniyanın şərəfinə xüsusi konsert salonu tikdirəcəyinə söz verir. Bəstəkar iki ilə "Yeddinci simfoniya"nı bitirir, İhsan Doğramacının isə söz verdiyi konsert salonunun tikintisi başa çatdırır.
Bəstəkar mahnı janrında da çox gözəl musiqilər bəstələyib. Günlərin birində Akif İslamzadə onun yanına gəlib gileylənir, bildirir ki, ona efir qadağası qoyulub. Arif müəllim əvvəlcə inanmır, sonradan bunun doğruluğunu biləndə məyus olur. Tez şair dostlarından birinə zəng vurub ondan beş-altı yaxşı mahnı mətni göndərməsini xahiş edir. Qısa müddətdə həmin mətnlərdən birinə bəstə yazıb radio rəhbərinin yanına gedir. Deyir mahnı yazmışam. O da xeyli sevinib deyir, Arif müəllim, siz də mahnı yazmısız? Lakin bir az keçəndən sonra sədr mahnının Akif İslamzadə tərəfindən ifa olunacağını öyrənir və bəstəkara onun efirə çıxmasının qadağan edildiyini deyir. Arif müəllim əsəbiləşib ona belə cavab verir: "Adə, müğənniyə də yasaq?!" Bu sözdən sonra sədrin tapşırığı ilə Akif İslamzadəyə qoyulan qadağa aradan götürülür.
Misirdə "Məhəbbət əfsanəsi" əsərinin premyerası gedir. Amma Arif Məlikovu Azərbaycandan buraxmırlar. Bəstəkarın sözlərinə görə, o, möhkəm əsəbləşir, gedir birbaşa ovaxtkı Mərkəzi Komitədə katibinin yanına və deyir: "Tüpürürəm sənə! Ona görə ki, respublikaya sən rəhbərlik edirsən, cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursan!" Katib bütün işçiləri çağırıb onlara tapşırıq verir ki, bəstəkarın gediş-gəlişi üçün heç bir maneə olmasın.
1990-cı il 20 Yanvar hadisələrindən sonra Ali Sovetin deputatı olan Arif Məlikov SSRİ Ali Sovetinin tribunasına çıxaraq, marşal Yazova "Sən qatilsən!" deyir. Sonralar bəstəkar o günləri belə xatırlayırdı: "Mən Qorbaçova da çox söz demişəm. Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın da böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər. Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində onları söymüşəm. Mərkəzi Komitənin katibi olmasından belə qorxmamışam".
Sovet quruluşu dağılanda deputatlıqdan imtina etmədiyi üçün azərbaycanlılardan ibarət bir qrup gənc onu bıçaqlayır. Bəstəkar hadisəni belə nəql edirdi: "Mənə dedilər deputatlıqdan imtina elə. Dedim, axı niyə? Dedilər, biz onlarla qurtardıq. Dedim, biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik. Dedim, yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb".
Bəstəkar 85 yaşında vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.