AXINA QARŞI BİR ÖMÜR - SEYİD ƏZİM OLMAQ
(Şairin 190 illiyinə)
Aləmləri təsxir qılan möhtəşəməm mən...
S.Ə.Şirvani
On səkkiz il müəllim kimi çalışmaq, düşüncələrə ziya vermək, dərsliklər, oxu kitabları hazırlamaq, şeir və hekayələr yazıb ədəbiyyat yolu ilə uşaqları tərbiyələndirmək! Yolundan dönmədən, bütün ağrı və məhrumiyyətlərə dözərək yaşamaq! Bütün bunların müqabilində qazancı nə idi bəs? Vaxtilə Gəncədə, Nizami Gəncəvinin türbəsi önündə bu məşhur rübaini söyləyən Seyid Əzim görəsən, öz taleyindən necə, - nigaran idimi?
Ey şeyx Nizami, ey
nizamı dağılan,
Ey Gəncədə izzü -
ehtişamı dağılan.
Olmayıbdır cahanda bir
səninlə məntək,
Beyti, evi, məktəbi,
kəlamı dağılan.
Seyid Əzim 1888-ci il mayın 20-də vəfat edib. Vəsiyyətinə əsasən doğma Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığında dəfn olunub. Ədəbiyyatşünas alim Şahbaz Musayev (Şamıoğlu) 2018-ci ildə yazdığı “Mirzə Fətəli Axundzadə: mühiti, müasirləri ilə əlaqələri və yeni tipli ədəbiyyat yaradıcılığı” adlı fundamental tədqiqatında önəmli bir fakta diqqət yönəldir: “Abbas Səhhət və Məhəmməd Hadinin müasiri və yaxın dostu Əbülqasım Əminzadə “Abbas Səhhət haqqında xatirələr”ində 1888-ci ildə Şamaxıda Seyid Əzim Şirvaninin cənazəsinin arxasınca cəmisi 15-20 nəfərin getdiyini dostları ilə böyük təəssüflə izlədiklərini yazır, sonra diqqəti dostlar arasında olan bir mükaliməyə yönəldir. Onun yazdığına görə, Abbas Səhhət gördüyü mənzərədən pəjmürdə olaraq deyib: “Görürsünüz, bizim əhlimiz şairinə necə baxır? Belə böyük şairin cənazəsində baqqal cənazəsində olan kişi qədər kişi yoxdur”...
***
Seyid Əzim Şirvani ədəbiyyatımızda Mirzə Fətəli Axundovdan sonra maarifçi dalğanı gətirən, gəlişdirən, böyük epoxa yaratmağı bacarmış qüdrətli şəxsiyyətdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan yeni ədəbiyyat diskursunun ən dəyərli faktıdır. Onun acınacaqlı uşaqlıq illərinin, aldığı təhsilin, yiyələndiyi elmi biliklərin sonrakı yolunun magistral istiqamətlərinin müəyyənləşməsində mühüm rolu olub. Atasını yeddi yaşında itirən Seyid Əzim Şirvani anası Səkinə xanımla birgə o zamanlar Dağıstanın Yaqsay kəndində ruhanilik edən ana babası Molla Hüseynin himayəsində yaşamışdır. Təxminən on bir il babasının yanında təlim-tərbiyə alan, ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıya qayıtdıqdan sonra orta ruhani təhsil verən mədrəsədə oxuyur. Sonra yolunu müxtəlif şəhərlərin dini mədrəsələrindən salır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi ilə İraqa, Nəcəf və Bağdada, sonra Suriyanın Şam şəhərinə, daha sonra isə 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edən Seyid Əzim vətənə dünyəvi elmlərin aşinası, ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıq yolunu seçən münəvvər kimi qayıdır. Ruhanilikdən əl çəkərək dünyəvi elmləri öyrənməyə çalışır, Şamaxı məhəllə məktəbində müəllimlik edir. Eyni zamanda öz satirik şeirlərində dini ehkamları kəskin tənqid atəşinə tutur. Mövhumat və cəhalətin tüğyan elədiyi bir dönəmdə maarifçi ədəbiyyat yolu tutmaq o qədər də asan iş deyildi. Dini dairələr Seyid Əzimi kafir adlandırır, din düşməni kimi qələmə verirlər.
Seyid Əzim axına qarşı gedənlərdən idi. Onun ədəbiyyata gəldiyi dövr yeni maarifçi səciyyəsi ilə seçilirdi. M.F.Axundov dramaturgiyası meydanda idi, “Əkinçi” qəzeti ərsəyə gəlmişdi, sonra Ünsizadə qardaşları tərəfindən Tiflisdə nəşr edilən “Ziya”, “Ziyayi-Qafqaziyyə” qəzetləri çıxmışdı, milli ruhun dirçəlişinə rəvac verən bütün istiqamətlərdə hərəkətlənmə başlayırdı. Akademik Rafael Hüseynov yazır: “Seyid Əzimin Azərbaycana verdiyi faydalar və xalqına bəxş etdiyi işıq öz yerində, eyni zamanda onu həm də yeni türk mədəniyyətinin nadir qurucuları və fədailərindən biri olaraq qavramalıyıq. O dövrdə ki Seyid Əzim yaradıcılıq aləminə gəlmişdi, dünya dəyişirdi, Şərq və Qərb mədəniyyətləri bir-birinə daha çox yaxınlaşırdı, Mərkəzi Asiyanı - Mavərrənnəhrdən Qafqazlara, Osmanlıdan Hindistanacan nəhəng ərazini yeniləşmələr dalğası bürüyürdü. Bu gedişatda yükün ağırı istedadlı, fədakar, millətsevər maarifçilərin boynuna düşürdü ki, Seyid Əzim də onlardan biri idi”.
Seyid Əzim vaqif olduğu elmi biliklərə, mütaliə və yazı bacarığına və ən əsası, mübariz ruhuna güvənib qaranlıq beyinlərə nur olacağını bilirdi. Hələ yeni tədris üsullu məktəb açmazdan əvvəl Şamaxı mühitində tədrisin köhnə qayda-qanunlarla, mollaxana üsulu ilə keçirilməsini tənqid edərək yazırdı:
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir,
Neçə ətfali-müflis onda əsir.
Seyid Əzim maarifçilik ideyalarını həyata keçirmək məqsədi ilə 1869-cu ildə Şamaxıda yeni tədris üsullu (üsuli-cədid) bir məktəb açaraq pedaqoji fəaliyyətini davam etdirir. Köhnə mollaxanalardan və məhəllə məktəblərindən fərqli olaraq XIX əsrin sonlarından yaranmağa başlayan üsuli-cədid məktəblərində dərslər ana dilində keçilir, tədris planına ümumtəhsil xarakterli fənlər, dünyəvi biliklər daxil edilirdi. Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi məşhur ədiblərimiz ilk təhsillərini o dövrün din xadimlərinin həqarətlə “kafir məktəbi” adlandırdıqları Seyid Əzimin həmin üsuli-cədid məktəbində almışlar.
Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə uşaqlar üçün tərbiyəvi parçalar seçib toplamış, tərcümə etmiş, bir çoxunu isə özü yazmışdır. O, 1878-ci ildə həmin mətnləri bir yerə yığıb birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib etmişdir. Həmin kitabı çap olunmaq üçün Qafqaz Maarif İdarəsinə təqdim etmiş, lakin nəşrinə icazə verilməmişdir. Ruhdan düşməyən maarifçi-pedaqoq ildən-ilə bu dərsliyi müəyyən əlavələrlə zənginləşdirmiş, bəzi ixtisar və dəyişikliklər etmişdir. Şairin ilk dərsliyi “Rəbiül-ətfar” (“Uşaqların baharı”) 1878-ci ildə, ikinci dərsliyi olan “Tacül-kitab” (“Kitabların tacı”) isə 1883-cü ildə tamamlanmışdır.
***
Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Bu ədəbi nümunələri müşahidə edərkən iki Seyid Əzim görürük. Məhəbbət və dini motivli qəzəllər yazan, Sədi, Hafiz və Füzuli şeirlərinə nəzirə meydana qoyan, həyat sevgili, nikbin ovqatlı Seyid Əzim! Lirik qəzəllərində şair Füzuli ənənələrinin davamçısıdır. Ərəb-fars izafətləri ilə qovuşuq şəkildə yazılmış bu şeir nümunələri - qəzəl, rübai, qəsidə, mərsiyələri, eləcə də hekayə, təmsil, nəsihətnamə janrlarında əsərləri klassik ədəbiyyatımızın qiymətli incilərindən sayılır:
Gecə gördüm səni,
ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz
lütfi-firavan yuxuda.
O biri Seyid Əzim isə fərqlidir. Yaradıcılığının ikinci mərhələsində daha çox maarifçi və tənqidi-satirik şeirlərilə seçilən Seyid Əzim bu qatda da orijinaldır. Ədəbiyyata daha çox hansı obrazı ilə adlayır,- deyə sual etsək, professor Cavanşir Yusiflinin yazdığı fikrə istinad edəcəyik: “Bu iki aləm - könüldən gələn səslərlə zəmanənin dərdlərinin tədqiqi heç bir məqamda kəsişmir, sanki qəzəlləri özü üçün, satirik şeir və məktubları isə son dərəcə lazım olan bir nəsnə kimi ictimaiyyət üçün yazırdı. Yəni Axundzadənin irəli sürdüyü “sosial ədəbiyyat” prinsipi onun şəxsində tam olaraq doğrulurdu”.
Onun yaradıcılığında başlanan yeni dönəmin səbəbkarı 1875-ci ildə işıq üzü görən “Əkinçi” qəzeti olur. Azərbaycanın ilk mətbuat orqanında Seyid Əzimin yeni şeirləri çap olunur, bu şeirlərdə şair müəllim və maarifçi ideoloqdur. “Əkinçi” haqqında yazdığı şeirdə Seyid Əzim həm qəzeti sərvət olaraq dəyərləndirir, həm də onu qorumaq üçün çağdaşlarını birliyə səsləyir:
Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır. Şair satirik şeir və təmsillərində ruhaniləri tənqid obyektinə çevirib, geriliyin və cahilliyin əleyhinə kəskin çağırışlar edib. Əslində, Seyid Əzimin dinə münasibəti də iki qütblü idi. Şairin satiralarından bəhs edən F.Köçərli onun həqiqi din xadimlərinə gözəl münasibəti olduğunu vurğulayırdı: “Seyid Əzim nə qədər ki mühil, riyakar, biəməl və müfəttin ruhaniləri sevməzdi, bir o qədər də həqiqi üləmalara, hamiyi-din və hadiyi-millət ruhanilərə təbəiyyət və ehtiram göstərməyi özünə borc bilirdi”.
“Seyid Əzim Şirvani satira yazırdı, yoxsa həcv” adlı məqaləsində ədəbiyyatşünas Mətanət Vahid şairin satiralarında belə yeni məktəb açmaq arzusunun, alınan təhsildən xalqın gələcəyi naminə faydalanmaq zərurətinin yer aldığını yazır: “Seyid Əzim lirik şeirlərində olduğu kimi, satiralarında da yeni məktəblər açmaq arzusunu ifadə edir. Özü də Şərq ölkələrində ruhani təhsili almasına baxmayaraq, zaman keçdikcə, dövr dəyişdikcə arzu edir ki, millətin övladları daha faydalı elmlərə yiyələnsin, həyatı boyu onlara lazım olacaq biliklərə sahib olsun.
Şair alim olmaq iddiası ilə Şərq ölkələrində guya təhsil alan, lakin vətənə döndükdən sonra günlərini avaralıqla keçirən, tüfeyli həyat sürən, başqa sözlə, aldığı təhsilin xalqına bir yardımı dəyməyən cahilləri kəskin tənqid edirdi. Belə “alimlər”ə xas olan xüsusiyyətləri Seyid Əzim “Elmsiz alim”, “Fəqih ilə oğul”, “Tələbənin hadisəsi”, “Müctəhidin təhslidən qayıtması”, “Köhnə elmdən şikayət”, “Avam ata ilə alim oğul” kimi şeirlərdə ümumiləşdirib”.
***
Seyid Əzimin maarifçilik missiyasının qayəsində mühüm ictimai-tarixi zəmin dayanır. Oyanış ruhunu zəmanə artıq özü diqtə etməyə başlamışdır. Məsələn, XIX əsrin ortalarında M.F.Axundov təkcə şəhər əhalisinin deyil, bütünlüklə ölkə əhalisinin, o cümlədən kənd camaatının və qadınların da təhsilə, məktəblərdə oxumağa cəlb edilməsi məsələsini irəli sürürdü. Ədib 1853-cü ilə aid bir məruzəsində məktəblərdə ana dilinin lazımi səviyyədə tədrisi üçün dərs kitablarının yoxluğundan təəssüflə bəhs edirdi. O, bu çatışmazlığı həm müəllimlərin, pedaqoji kadrların qıtlığı, həm də dərs kitablarının hazırlanması üçün müvafiq ədəbi-bədii əsərlərin yoxluğu ilə əlaqələndirirdi. M.F.Axundov yaxın keçmişə nəzər salaraq xatırladırdı ki, əvvəllər məktəb və mədrəsələrimizdə ərəb, fars və əsasən, Osmanlı türkcəsində olan kitablardan istifadə edilməklə dərs keçilirdi. Ana dilimizdə olan tək-tük kitablardakı əsərlər isə ya tərcümə idi, ya da ərəb və fars tərkibli kəlmələrlə həddən artıq ağırlaşdırıldığı üçün şagirdlər tərəfindən çox çətinliklə qavranılır, əksər hallarda isə heç başa düşülmürdü. O, rus dövlətinin Cənubi Qafqazı, o cümlədən Azərbaycanı ərəb, türk və fars təsirindən uzaqlaşdırmaq məqsədi ilə gördüyü tədbirləri bizim milli mənafeyimiz baxımından faydalı hesab edərək yazırdı: “Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar (Azərbaycan - E.A.) dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin (Qafqazın - E.A.) hakimi olduğu zaman, tatarlar (azərbaycanlılar - E.A.) yaşayan yerlərə göndərdiyi əmrlərdə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür. Bundan sonra, hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatarca aparılmağa başladı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman həmin məktəblərdə tatar (Azərbaycan) dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Mənə məlum olduğuna görə, bu çətinliklər hələ də aradan qaldırılmamış və bu dil indiyə qədər, demək olar ki, ancaq təcrübi qayda ilə öyrədilir”.
Xalqın savadlandırılmasının əhəmiyyətini başa düşən “Əkinçi” qəzetinin əməkdaşları, o cümlədən Seyid Əzim Şirvanı bu işə mane olan sosial-əxlaqi əngəlləri kəskin tənqid edirdilər. Həmin əngəllərdən biri təriqətçilik, əhalinin məzhəblərə ayrılması, məhərrəmlik təziyələrində baş yarmaqla bir çoxlarının özlərini din, millət və ümmət fədaisi kimi gözə soxmağa çalışması idi. “Əkinçi” qəzeti bu cür sosial-mənəvi buxovlara qarşı kəskin mübarizəyə başlamışdı. Həsən bəy Zərdabi, Əhsənül-Qəvaid, Haşım bəy Vəzirov və başqalarının təriqətçiliyə, məhərrəmlik təziyələrinə qarşı mətbu yazıları deyilənlərə əyani misaldır. Ancaq qaragüruhçular və xalqın məzhəblərə parçalanaraq, kiçik hissələrə
Elnarə Akimova,
“Yeni Azərbaycan” qəzeti ( ardı var...)