“Azərbaycan ordusunun qəhrəmanlıq tarixi”- mövzusunda zoom proqramı vasitəsi ilə söhbət-mühazirə
Bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən danışarkən mütləq vətən uğrunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq Respublika Gənclər Kitabxanası gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərə qəhrəmanlıq tariximiz haqqında mühazirə söhbətlərin təşkili, təqdimatların nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində daim fəallıq nümayiş etdirmişdir.
14 mart 2021-ci il tarixində Respublika Gənclər Kitabxanası GNG təşkilatı ilə birlikdə “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi”- mövzusunda Zoom proqramı vasitəsi ilə söhbət-mühazirə təşkil etmişdir.
Təşkil olunan tədbirdə GNG təşkilatının rəhbəri Şəfi Məmmədov və rəhbər müavini Elçin Ağadadayev, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı Kamil Musavi, kitabxananın əməkdaşları və oxucular iştirak etmişlər.
Tədbirdə 30 illik işğal və 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, canı, qanı bahasına ən ali zirvəyə ucalan şəhidlərimizdən, sağlamlığından keçən qazilərimizdən, mərdcəsinə 44 gün gözünü qırpmadan düşməni yenən əsgərlərimizdən söhbət açımışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu zəfərin yalnız müdrik siyasət, yenilməz cəsarət və xalqın nümayiş etdirdiyi birlik sayəsində qazanılmasının mümkün olması xüsusilə qeyd edilmişdir. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsi, uzun illər region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsinin yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olması vurğulanmışdır.
Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırmış və bu səpkili tədbirlərin keçirilməsi zəruriliyi bir daha qeyd edilmişdir.