Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmova (Fred Asif) həsr olunmuş anım günü

03 iyul, 2019
Paylaş:

Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmova (Fred Asif) həsr olunmuş anım günü

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 03 iyul 2019-cu il tarixdə “Milli qəhrəmanlarımızın anım günü” layihəsi çərçivəsində Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmova (Fred Asif) həsr olunmuş anım günü keçirildi.

Anım günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda şəhid olan milli qəhrəmanlarımızın əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır” sözləri ilə açdı.

“Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın üzvü Emin Həsənli Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun vətən sevgisi, vətənə qəlbən bağlılığı, qəhrəmanlıqla dolu mübarizə yolu mövzusunda çıxış etdi.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Milli qəhrəmanlarımızın anım günü” layihəsinin rəhbəri Elnurə İsgəndərova milli qəhrəman Asif Məhərrəmovun vətənin torpaqlarının toxunulmazlığı, haqq yolu kimi müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalmasından danışdı.

Yazıçı-publisist, tərcüməçi Azər Hacıbəyli müasir gəncliyi Asif Məhərrəmovun getdiyi yolun davamçıları olmağa səslədi. Çıxışının sonunda “Ağdam. Tariximizin sirdaşı, hünər, qəhrəmanlıq yaddaşı” kitabını kitabxanaya hədiyyə verdi.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Milli qəhrəmanlarımızın anım günü” layihəsinin təşkilatçısı Aygün İsgəndərova, polkovnik-leytenant Zahid Qarayev, “Gəncliyə Yardım” fondunun vitse-prezidenti Salman Əliyev, “Fred Asif” adına fondun rəhbəri Ədalət Məhərrəmov, həmin fondun sədr müavini Elşad Əliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Şəhid ailələrinə qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun hərbi hissənin komandiri kimi fəaliyyətindən, keçdiyi döyüş yollarından, misilsiz qəhrəmanlıqlarından faktlarla çıxış etdilər.

Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun oğlu, “Qol gücü” idman sahəsində dünya çempionu Azər Məhərrəmov tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Şairə Sədaqət Kamilqızı “Torpağım dərdlə yüklənib” poemasından bir parça oxudu.

Anım günündə həmçinin, Azərbaycanın milli qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə Rəhimova, “AzPRESS. az Xəbər saytı”nın müxbiri Minə Türksoy, psixoloq Fəridə Haqverdiyeva “Dünya xəbər” saytının rəhbəri Dünya Əliyeva, ehtiyatda olan zabit Xudu Xudulu, həkim Fərhad Cəbrayılov, Bakı Dövlət Universitetinin tələbələri də iştirak edirdilər.

Tədbir boyu Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) həyat yolundan bəhs edən “Haqqa həsr olunmuş ömür” adlı film nümayiş edildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()