25 fevral, 2025
Paylaş:

Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi və Ermənistanın təcavüzkar siyasətinə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan Ordusunun bölmələri hərbi-siyasi üstünlük nümayiş etdirərək beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını azad etdilər. 2023-cü ildə isə Qarabağda qalan separatçı rejim tamamilə ləğv edildi. Bu hadisə Ermənistanla sülh prosesinə də ciddi təkan verdi. İndi regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb.

Azərbaycanın bu uğurları həm də diplomatik sahədə güclü mövqeləri ilə təmin olunub. Rəsmi Bakı həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli münasibətlərdə öz milli maraqlarını qorumağa davam edir və BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq qurumlarda mövqelərini gücləndirib. Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanı regionda və beynəlxalq arenada güclü tərəfdaş kimi tanıdıb. Dövlətimiz hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma apararaq, bu ərazilərin inteqrasiyasını təmin edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə "Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir. Bu proqram çərçivəsində müasir infrastruktur, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, hava limanları tikilir. Şuşa, Ağdam, Füzuli və digər ərazilərin tarixi və mədəni irsi bərpa olunur.

Qeyd edək ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə həm hərbi, həm də sosial-iqtisadi sahədə ciddi itkilərlə üzləşib. 44 günlük müharibə Ermənistanın milyardlarla dollar zərərə uğraması ilə yanaşı, demoqrafik problemlər, sosial tənəzzül və iqtisadi çətinliklər bu ölkəni zəiflədib. Azərbaycanın isə həm iqtisadi göstəriciləri, həm də hərbi qüdrəti artmağa davam edir. Tarixi qələbə ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər, həm də regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanların yaranması ilə nəticələnib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sabitliyin və inkişafın tərəfdarıdır. Bu məqsədlə Ermənistanla sülh sazişinin imzalanması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün addımlar atılır.

Ötən il mayın 24-ü Azərbaycanın zəfər tarixinə daha bir parlaq səhifə yazıldı. Sərhədlərin delimitasiyası çərçivəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olundu və bunun nəticəsində Qazax rayonunun 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bir güllə atılmadan geri qaytarıldı. Ümumi sahəsi 6,5 kvadratkilometr olan bu kəndlər Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi və uzun illərdən sonra onların Azərbaycana birləşdirildi.

Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyü yolunda qazandığı növbəti böyük uğurdur. Kəndlərin geri qaytarılması Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin və prinsipial mövqenin növbəti bariz nümunəsidir.

Onu da bildirək ki, Azərbaycan bu gün təkcə regional deyil, qlobal səviyyədə öz mövqeyini təsdiqləyən, nüfuzlu bir aktor kimi çıxış edir. Ölkəmizin beynəlxalq arenadakı rolu hər keçən gün daha da güclənir, siyasi, iqtisadi və mədəni sahələrdə əldə edilən uğurlar onun dünya miqyasında tanınmasına zəmin yaradır. Bu möhtəşəm uğurların ən bariz nümunələrindən biri isə Bakının COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsidir. COP29-un paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir. Bu tədbir ölkəmizin qlobal problemlərin həllinə, xüsusilə də iqlim dəyişikliyi kimi bütün bəşəriyyəti narahat edən məsələlərə töhfə verməyə hazır olduğunu bir daha sübut etdi. Bu tədbirin Bakıda keçirilməsi həm də Azərbaycanın dünya səhnəsində etibarlı tərəfdaş və müasir, dinamik inkişaf edən ölkə olduğunu bir daha təsdiqlədi. Azərbaycan artıq öz sərhədlərindən kənara çıxaraq beynəlxalq məsələlərdə təsir gücünü artıran dövlətdir. Qlobal tədbirlərə ev sahibliyi etməklə yanaşı, ölkəmiz həm də regional və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak edir, enerji təhlükəsizliyindən tutmuş mədəniyyətlərarası dialoqa qədər geniş spektrdə lider rolu oynayır. Bu, Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətinin və dünya ilə qarşılıqlı əlaqələrinin nəticəsidir.

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycan Respublikasının tarixi və hüquqi inkişafında xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və milli dəyərlərini qorumaq istiqamətində atılan mühüm addımların məntiqi davamıdır. Bu qərar yalnız hüquqi və siyasi əhəmiyyət daşımır, həm də milli şüurun möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və gələcək nəsillərə milli dəyərlərin ötürülməsi baxımından strateji xarakter daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Bu sənəd ölkəmizin müstəqilliyini hüquqi əsaslarla təmin və dövlət idarəetməsinin əsas prinsiplərini müəyyən edən, vətəndaş hüquq və azadlıqlarını qoruyan fundamental hüquqi aktdır. Konstitusiyanın qəbulu ilə Azərbaycan xalqı öz iradəsini ifadə edərək, dövlət quruculuğunun demokratik əsaslarını müəyyən etmiş və müasir hüquqi sistemin formalaşdırılmasının təməlini qoymuşdur. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi, ilk növbədə, bu fundamental sənədin əhəmiyyətinin bir daha vurğulanması və cəmiyyətimizdə hüquqi maarifləndirmənin genişləndirilməsi məqsədi daşıyır. Xüsusilə, bu il ərzində Konstitusiyanın tarixi, onun hüquq sistemimizdəki rolu və inkişaf perspektivləri barədə maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanın suverenliyi ölkəmizin milli qürurunun və müstəqil dövlət quruculuğunun əsasını təşkil edir. 2020-ci ildə əldə olunan tarixi Zəfər və Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olundu və suverenliyi bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya sayəsində Azərbaycan yalnız hərbi deyil, həm də diplomatik müstəvidə öz mövqeyini gücləndirərək regionun lider dövlətinə çevrilib.

                                                                                            Musa Bağırlı

                                                                                                  “Respublika qəzeti”

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()