10 iyun, 2024
Paylaş:

Bəxtiyar Vahabzadə

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə... Azərbaycan sovet ədəbiyyatı tarixinə dissident şair kimi düşən, millətçi damğası ilə universitetdən qovulan, ürəyi sağda olan bu şairin atdığı addımların bəziləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb...

Şair Şəki şəhərində fəhlə ailəsində dünyaya göz açıb. Çox kiçik yaşlarından ailəsi ilə birgə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil olub. Bədii yaradıcılığa "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Deyilənlərə görə, o ilk şeirini Səməd Vurğun olan məclislərin birində oxuyanda çox böyük həyəcan keçiribmiş. Şeir bitəndən sonra Səməd Vurğun ayağa qalxıb və "Bu cavan oğlan məndən də yaxşı yazır" - deyib. Bu hadisədən qısa müddət sonra Bəxtiyar Vahabzadə məşhurlaşıb.

Bəxtiyar Vahabzadə çox böyük cəsarət sahibi olub. Deyilənlərə görə, 20 Yanvar faciəsi zamanı general Dubinyakın üzünə tüpürübmüş. Bu hadisə o vaxt heyrətlə qarşılanmışdı. O gün Bəxtiyar Vahabzadə nəinki həbs oluna, hətta öldürülə də bilərdi. Maraqlıdır ki, o, Azərbaycanda biri-birinə zidd olan müxtəlif və fərqli hakimiyyətlərin hamısı ilə münasibət qurmağı bacarmışdı. Çoxları düşünür ki, bu, bir şair kimi onun qüsuru idi. Lakin bunu Bəxtiyar Vahabzadənin böyüklüyünə, şəxsiyyətinin gücünə yozanlar da var.

Şairin "Bir salama dəymədi" adlanan ən məşhur sevgi şeiri ünvanlı imiş. Əhvalat belə olub: Bir zamanlar sevgili olub sonra ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə bundan çox təsirlənib və həmin şeiri yazıb. Özü bu şeiri məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə bəyənirsə, sonralar nəinki özü şeiri oxumur, başqalarının deməsinə də icazə vermir.

O, həyat yoldaşını Sabir bağında təsadüfən anası ilə görüb, bəyənib və elçi göndərib. Razılıqdan sonra evləniblər. Onda Bəxtiyar müəllimin 25, qızın 17 yaşı vardı. Oğluna müharibədən qayıtmayan qardaşının adını vermişdi: İsfəndiyar. Oğlu uzaqda işlədiyinə görə tez-tez narahat olduğundan ona həmişə zəng edirmiş. İsfəndiyar da hər dəfə bu zənglərdən həyəcanlanarmış. Bir dəfə soruşanda ki, ata, nə olub, niyə zəng etmisən? Bəxtiyar Vahabzadə oğlunu sakitləşdirib: "Heç nə olmayıb, a bala, təzə şeir yazmışam, qulaq as, gör necədi".

Deyilənlərə görə, oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Telefonun dəstəyi şairin əlində qalıb. Bundan sonra da şəkər xəstəliyi tapıb. Bir dəfə oğlu İranda olanda da buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş...

Çoxları elə bilir ki, B.Vahabzadə həmişə mükafat və titullar alıb. Həqiqətən də onun titulları çoxdur: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi və s. Lakin cəzalandırılıb da! O, millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Onu universitetdən tamam uzaqlaşdırmaq böyük ajiotaj yaradıb. Ona görə də bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.

Deyilənlərə görə, şairin ürəyi sağda olub. Hətta bu, o Türkiyədə müayinə olunanda həkimi çox heyrətləndirib. Rentgen müayinəsi etdikdən sonra üzünü şairə tutub: "Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur. Bəxtiyar Vahabzadə gülümsünüb: "Ürəyim var, ancaq sağdadır".

Şair 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Deyilənlərə görə, o dünyasını dəyişəndə qolundakı saatın kiçik əqrəbi səkkizin, böyük əqrəbi isə üçün üstündə dayanıbmış...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()